İllər öncə qəzalı vəziyyətə düşən Dairəvi qalada bərpa işlərinə başlanıldı

Baş səhifə

Bakı. Trend:

Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi
olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat
verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan
bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata
keçiriləcək.




Bərpa işlərinin aparılmasında məqsəd abidənin tarixi görkəminin
qorunması, konstruktiv dayanıqlılığının təmin edilməsi və
ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun
yaradılmasıdır. Layihə çərçivəsində qalanın dam örtüyü bərpa
olunacaq, təbii təsirlər nəticəsində yararsız hala düşmüş daşları
orijinalına uyğun materiallarla əvəz ediləcək, hörgülərarası
birləşmələr xüsusi məhlulla doldurulacaq. Eyni zamanda, tikilinin
aşınma və nəmə qarşı davamlılığını artırmaq məqsədilə qoruyucu
məhlullar tətbiq olunacaq, ərazidə abadlıq və infrastruktur işləri
görüləcək.

Bərpa işləri yekunlaşdıqdan sonra qala yenidən ziyarətçilərin
istifadəsinə veriləcək.

Qeyd edək ki, bir neçə il öncə Dairəvi qalanın dam örtüyünün
çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Sonrakı dövrdə
bərpa ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, müvafiq dövlət
qurumları ilə razılaşdırılıb və müsbət ekspert rəyi alınıb.