
Bakı. Trend:
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin
26-da Göyçay rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Göyçay rayonunda Ümummilli Lider
Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini dərin
hörmət və ehtiramla yad edib.
Daha sonra polis şöbəsinin inzibati binasında Göyçay, İsmayıllı,
Şamaxı, Ağdaş, Ucar, Qəbələ, Qobustan və Ağsu rayonlarından, eləcə
də digər bölgələrdən qəbula gələn 226 vətəndaşın müxtəlif
məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və
qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş
məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş
idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri
nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və
daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra
baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 230 nəfər
seçim turunun növbəti mərhələsinə buraxılıb.

