
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO
TS 22317:2026 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin
(biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə
(biznesə) təsirin təhlili üzrə təlimatlar” yeni dövlət standartı
qəbul edilib.
Trend bu barədə
AZSTAND-a istinadən xəbər verir.
Bildirilib ki, yeni standartın tətbiqi müəssisə və təşkilatlarda
biznes fəaliyyətinə təsirin sistemli və hərtərəfli təhlilini təmin
etməklə kritik iş proseslərinin asanlıqla müəyyənləşdirilməsinə,
potensial risklərin dəqiq qiymətləndirilməsinə və iş davamlılığının
daha səmərəli və effektiv idarə olunmasına mühüm töhfə verəcək.
Qeyd edilib ki, sözügedən dövlət standartı Azərbaycan
Standartlaşdırma İnstitutu tərəfindən təsis edilən “Uyğunluğun
qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə
(AZSTAND/TK 08) qəbul edilərək Standartlaşdırma üzrə normativ
sənədlərin Dövlət Fonduna daxil edilib.


