Azərbaycanda bərpa olunan enerji kəskin artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda enerji istehsalı
və xidmət sektorunda fərqli dinamika qeydə alınıb.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə külək elektrik stansiyalarında 233 milyon
kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 228,5 milyon kVt-saat və ya 51,8 dəfə çoxdur.
Günəş elektrik stansiyalarında isə istehsal 74,7 milyon kVt-saat
olub və 1,1% artım qeydə alınıb.

Eyni zamanda, su elektrik stansiyalarında istehsal 501,9 milyon
kVt-saat təşkil edib ki, bu da illik müqayisədə 24,2% azalma
deməkdir. İstilik elektrik stansiyalarında isə 5,466 milyard
kVt-saat elektrik enerjisi istehsal edilib və bu göstərici 5,2%
azalıb.




Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sektorunda 2026-cı ilin ilk üç ayında
istehsalın həcmi 1 milyard 26,6 milyon manat olub. Su təchizatı və
tullantıların emalı sektorunda isə bu göstərici 141,9 milyon manat
təşkil edib.

Digər tərəfdən, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3
milyard 834,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə real ifadədə 8,8% artım deməkdir. Bu xidmətlərin 76,8%-i
hüquqi şəxslər tərəfindən göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 373,5 manatlıq
ödənişli xidmətlərdən istifadə edib ki, bu da illik müqayisədə
nominal ifadədə 47,5 manat çoxdur.