
Bakı. Trend:
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Şirvan-Salyan Regional
Təhsil İdarəsi və Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir
müavinləri təyin olunub.
Trend xəbər
verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyi məlumat yayıb.
Məlumata görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin direktorunun müvafiq əmri ilə Məmmədtağıyev Elmin
Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir
müavini təyin edilib .
Elmin Məmmədtağıyev əmək fəaliyyətinə 2017-ci ildə Lerik
rayonunda Valeh Rəhimov adına Veri Əliabad kənd ümumi orta
məktəbində müəllim kimi başlayıb.
O, 2018–2022-ci illərdə Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi
vəzifəsində çalışıb. 2022-ci ildə fəaliyyətini Mərkəzi Aran
Regional Təhsil İdarəsində davam etdirərək əvvəlcə məsləhətçi, daha
sonra isə İnzibati təşkilat sektorunun müdiri vəzifələrində
işləyib.
2025-ci ildən bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil
İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri kimi fəaliyyət
göstərib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
direktorunun digər əmri ilə isə Baxışov Rəvan Baxış oğlu
Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini təyin
edilib.
1998-ci ildən əmək fəaliyyətinə başlayan Rəvan Baxışov 2020-ci
ilə qədər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə,
2020–2022-ci illərdə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 17 saylı Regional
Xəzinədarlıq İdarəsində çalışıb.
Rəvan Baxışov təyinata qədər Şirvan-Salyan Regional Təhsil
İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun müdiri vəzifəsini icra
edib.
Agentlik sədrinin digər bir əmri ilə də Rzayev Ruslan Rasim oğlu
Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Ruslan Rzayev əmək fəaliyyətinə 2011-ci ildə Qazax şəhər İsmət
Qayıbov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi
başlayıb.
2020-ci ilədək müəllim kimi fəaliyyət göstərən Ruslan Rzayev
2020-2022-ci illərdə həmin təhsil müəssisəsində direktor
vəzifəsində çalışıb.
2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun
müdiri vəzifəsini icra edib.

