Deputat büdcə vəsaitini mənimsəyənlərə vəzifə qadağası təklif etdi

Baş səhifə

Bakı. Trend:

Büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslər üçün “ziyanı
ödə, məsuliyyətdən azad ol” yanaşması sui-istifadə üçün zəmin
yaradır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat
Müşfiq Məmmədli parlamentin bugünkü plenar iclasında deyib.

Belə ki, qanun layihəsinə əsasən, dövlət büdcəsindən və
büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların,
dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat
fəaliyyətində maliyyə qaydalarının pozulmasına, o cümlədən dövlət
büdcəsindən, büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə
fondlarından ayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən
təyinatı üzrə istifadə olunmamasına, yaxud büdcə təşkilatlarının
büdcədənkənar vəsaitinin təsdiq edilmiş smetaya uyğun
xərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasına
görə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından
maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi
şəxslərin vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti
olmuş vəsaitin yüz faizi məbləğində cərimə ediləcək. Bu
əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitə obyekti
olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azad
olunacaq.

Millət vəkili bildirib ki, bu əməli ilk dəfə törətmiş şəxsin
vurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad
olunması məsələsi daha ciddi və prinsipial yanaşma tələb
edir:

“Burada söhbət sıradan hüquq pozuntusundan deyil, dövlət büdcə
vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslərdən gedir. Bu şəxslər
dövlətin onlara göstərdiyi etimadı daşıyır, ictimai resursları
idarə edir və cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Bu
baxımdan “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət
etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin
yaradır”.




Deputat bəhs etdiyi mövzu ilə bağlı müəyyən faktlar
səsləndirib:

  • Birinci fakt: Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının
    PHŞ-nin sabiq direktoru CM-nin 179.3.2 (külli miqdar mənimsəmə) və
    313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2025 ci ildə ittiham
    olunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün
    şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda “Batıgöz
    klinikası”nda və bir necə özəl klinikada baş həkim və digər məsul
    vəzifələrdə fəaliyyət göstərib.
  • İkinci fakt: Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində
    CM-nin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə
    səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlıgı)
    maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan
    kənar istifadə olunmuş (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi
    əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Daha
    sonra isə o, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun
    müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin
    (400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyin
    olunub.

“Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real
həyatda ciddi problemlərə səbəb olur. Əgər bir şəxs dövlət
vəsaitini mənimsəyir, sonra onu geri qaytarır və heç nə olmamış
kimi yenidən rəhbər vəzifələrə gələrsə o zaman bu, sadəcə hüquqi
məsələ deyil, ictimai etimad və dövlət idarəçiliyinin nüfuz
məsələsidir”, – deyə o vurğulayıb.

M.Məmmədli sözügedən maddənin “Bu maddə üzrə əməli törətmiş və
dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs zərəri ödəməsindən
asılı olmayaraq gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə
tutmaq hüququndan məhrum edilir”, – deyə dəyişdirilməsini təklif
edib.

O qeyd edib ki, əslində səhiyyə islahatlarının avanqardı və
müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in
idarəetməsində bir qədər öncə yaranan problemin kökünü bu cür
məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır.