
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana
etdiyi dövlət səfəri Cənubi Qafqazın bu iki respublikası arasındakı
əlaqələrin son illərdə yeni keyfiyyət mərhələsinə yüksəldildiyini
nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu
səfər təsdiq etdi ki, mehriban qonşuluq və dostluq prinsiplərinə
söykənən, çoxsaylı əməkdaşlıq sferalarını əhatə etməklə strateji
səviyyəyə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri həm də
regionun siyasi-iqtisadi arxitekturası baxımından xüsusi məzmun
kəsb edir.
Azərbaycan və Gürcüstanın bölüşdüyü dəyərlər çoxdur. Hər iki
dövlətin vahid coğrafi məkanda yerləşməsi, tarixən müstəqil
dövlətçiliyə sahib olmaları, XX əsrdə eyni taleni yaşamaları mühüm
siyasi-mənəvi meyarlar kimi bu gün Azərbaycan-Gürcüstan
əlaqələrinin təməlində dayanır. Ötən əsrin 90-cı illərinin
ortalarından başlayaraq münasibətlər yeni inkişaf dövrünə qədəm
qoyub. Azərbaycanın təşəbbüsləri ilə həyata vəsiqə alan
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qaz Dəhlizi,
Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi infrastrukturlar isə bu
təməlləri daha da möhkəmləndirərək, münasibətləri strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu gün iki dövlət arasında demək
olar ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində ikitərəfli
və faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyevin
dövlət səfəri zamanı Tbilisidə Gürcüstanın Prezidenti Mixeil
Kavelaşvili və Baş naziri İrakli Kobaxidze ilə görüşlərində bununla
bağlı müzakirələr aparıldı və görünən odur ki, hər iki tərəf
əlaqələrin daha da inkişafında maraqlıdır.
Əlbəttə, münasibətlərin sürətli inkişafının, strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin hər iki tərəfin əməkdaşlığın
daha da genişlənməsində maraqlı olmasının əsas səbəbi yüksək siyasi
əlaqələrdir. Təsadüfi deyil ki, hər iki dövlət hər zaman
bir-birinin ərazi bütövlüyünü, suverenliyini qətiyyətlə
dəstəkləyib. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda
bir-birinə daim dəstək veriblər, bir-birinin maraqlarını qətiyyətlə
müdafiə ediblər. Azərbaycan Gürcüstanın ən çətin zamanlarında ona
dayaq olub, maddi və mənəvi dəstəyini əsirgəməyib. 44 günlük Vətən
müharibəsi zamanı Gürcüstanın ədalətli və obyektiv siyasi mövqe
nümayiş etdirməsi hər zaman Azərbaycanda xüsusi minnətdarlıqla
xatırlanır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və Prezident
Mixeil Kavelaşvilinin seçkilərdə qalib gəldikdən sonra ötən il ilk
xarici səfərlərini məhz respublikamıza etmələri də iki dövlət
arasındakı yüksək siyasi münasibətlərdən və qonşu dövlətin
Azərbaycanla münasibətlərə xüsusi diqqətlə yanaşmasından xəbər
verir.
Bir mühüm məsələni də qeyd etmək yerinə düşər ki, son aylarda
Azərbaycandan Ermənistana tədarük olunan məhsulların Gürcüstan
vasitəsilə çatdırılması da iki dövlətin yüksək siyasi
münasibətlərinin və rəsmi Tbilisinin Azərbaycanın başlatdığı sülh
prosesinə verdiyi dəstəyin təzahürüdür. Təsadüfi deyil ki,
Tbilisidə mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev buna
görə Gürcüstan hökumətinə təşəkkürünü ifadə etdi.
İqtisadi əlaqələrə gəldikdə, Gürcüstan Azərbaycanın əsas
iqtisadi tərəfdaşları sırasında dayanan dövlətdir. Keçən il iki
ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 800 milyon ABŞ dolları
təşkil edib. İndiyədək Azərbaycan tərəfindən Gürcüstanın
iqtisadiyyatına 3,7 milyard dollar həcmində sərmayə qoyulub. İki
ölkə arasındakı iqtisadi tərəfdaşlığın əsas özəlliyi isə
Azərbaycanın karbohidrogen ehtiyatlarını Gürcüstan vasitəsilə
beynəlxalq bazarlara ixrac etməsidir. O cümlədən, bu gün Avropa ilə
Asiya arasındakı nəqliyyat əlaqələrində aparıcı rol oynamaqla,
bütün keyfiyyət göstəriciləri baxımından özünü tam doğruldan Orta
Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir və bu çərçivədə
əməkdaşlıq iki ölkənin iqtisadi tərəfdaşlığının mühüm
istiqamətlərindən biri kimi özünü göstərir.
Prezident İlham Əliyevin Tbilisidə keçirdiyi görüşlərdə
əlaqələrin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq
prinsiplərinə əsaslandığı qeyd olunaraq, əməkdaşlığın müxtəlif
istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl
enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf
etdiyi bildirildi. Dövlətimizin başçısının bildirdiyi kimi, iki
dövlətin münasibətləri bütün qonşular üçün nümunə ola bilər:
“Bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik
getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və
birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili,
əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim
münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər.
Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət,
qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur.
Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.
Onu da qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze
Prezident İlham Əliyevi ölkəsinin əziz dostu adlandıraraq,
dövlətimizin başçısının səfərinin xüsusi şərəf olduğunu bəyan etdi.
İrakli Kobaxidzenin bu fikirləri Prezident İlham Əliyevin
şəxsiyyətinə, nüfuzuna və apardığı uğurlu regional siyasətə verilən
yüksək siyasi qiymətdir. Bu fikirlər ondan xəbər verir ki,
Azərbaycan Prezidentinin yürütdüyü siyasət həm də Cənubi Qafqaz
regionunda yüksək siyasi etimadı və möhkəm iqtisadi tərəfdaşlığı
təmin edir.
Tbilisidə Prezident İlham Əliyevin və Baş nazir İrakli
Kobaxidzenin mətbuata bəyanatlarında hər iki tərəfin
siyasi-iqtisadi dialoqu davam etdirməyə və müxtəlif sahələrdə
əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqları ifadə edildi.
Dövlətimizin başçısının toxunduğu məsələlər Azərbaycan-Gürcüstan
münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, gələcək
prioritetlərini də ortaya qoydu. Şübhəsiz ki, dostluq və mehriban
qonşuluq prinsiplərinə əsaslanan əlaqələr Prezident İlham Əliyevin
Gürcüstana dövlət səfərinin nəticəsi olaraq iqtisadi, siyasi və
strateji maraqlar əsasında daha da möhkəmlənəcək. Çünki mövcud
dinamika və Tbilisidəki görüşlərdə səsləndirilən fikirlər iki
dövlət arasındakı siyasi və iqtisadi əməkdaşlıq sferalarının
qarşıdakı dövrdə daha da genişlənəcəyini söyləməyə əsas verir.
Bütövlükdə, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri,
Tbilisidə keçirdiyi görüşlər və verdiyi bəyanat
Azərbaycan-Gürcüstan münasibətlərinin güclü və strateji regional
tərəfdaşlıq modeli olduğunu nümayiş etdirdi. Dostluğa, mehriban
qonşuluğa və strateji tərəfdaşlığa əsaslanan bu əlaqələr həm də
regionun təhlükəsizliyinə, inkişafına və rifahına böyük töhfələr
verir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

