2026-cı ilin ilk rübündə milyonlarla kibertəhdid blok edilib – XRİTDX

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin birinci rübü ərzində XRİTDX tərəfindən domen
adlarının idarə olunması sahəsində qeydiyyata alınan domenlərin
sayı 17, subdomenlərin sayı 123 təşkil edib, eyni zamanda 21 domen
və 52 subdomen ləğv olunub ki, bu da “GOV.AZ” domen məkanının
optimallaşdırılması və təhlükəsizlik risklərinin azaldılması
baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu barədə Trend-ə Xüsusi Rabitə və İnformasiya Təhülkəsizliyi
Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni
nəsil mühafizə avadanlıqları vasitəsilə URL əsaslı 41 289 866
təhlükəli keçid, zərərverici əsaslı (virus, casus proqram və digər
zərərli fəaliyyət əlamətləri daşıyan) 3 786 317 trafik, eləcə də
“Sandbox” mühafizə sistemi vasitəsilə 31 962 zərərverici tərkibli
fayl blok edilib və son istifadəçilərin yoluxmasının qarşısı
alınıb.

DDoS hücumlarına qarşı mühafizə çərçivəsində isə 7 013 863 hücum
qeydə alınıb, nəticədə 12 523 934 684 zərərli paket blok edilib və
ümumilikdə 10 226 233 Mbit həcmində zərərli trafikin qarşısı
alınıb.

Bununla yanaşı, mərkəzləşdirilmiş antivirus həlli vasitəsilə son
istifadəçi təhlükəsizliyi üzrə 1 048 869 təhdid blok edilib və
zərərsizləşdirilib ki, bu da çoxsəviyyəli və mərkəzləşdirilmiş
müdafiə yanaşmasının effektivliyini göstərir.




Dövlət qurumlarının informasiya sistemlərində XRİTDX tərəfindən
aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların
təhlilinə əsasən cari ilin ilk üç ayı üzrə 274 kiberhücum
göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək
mərkəzləşdirilmiş qaydada blok edilib. Bu kibertəhdidlərin 213-ü
daxili araşdırma, 61-i isə dövlət qurumlarının müraciətləri
əsasında müəyyən olunub.

Kibertəhdid kəşfiyyatı xidmətlərindən istifadə etməklə 2026-cı
ilin ilk rübü ərzində dövlət qurumları domenlərinə (gov.az)
bənzədilmiş 6 saxta domen aşkarlanıb və blok edilib. Eyni zamanda
XRİTDX tərəfindən 60 fişinq təyinatlı veb resurs blok edilib və
dövlət qurumlarının əməkdaşlarına məxsus 105 sızmış kimlik məlumatı
aşkarlanaraq müvafiq tədbirlər görülüb.

XRİTDX tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət
elektron poçt xidmətində 4 677 755 elektron məktub emal edilib ki,
onlardan 3 258 110-u istifadəçilərə çatdırılıb, 1 419 645-i isə
zərərli tərkibli olması səbəbindən blok edilib.

Hesabat dövründə XRİTDX tərəfindən dövlət qurumlarına məxsus
veb-saytların təhlükəsizlik səviyyəsinin yoxlanılması məqsədilə 194
audit və nüfuzetmə testi həyata keçirilib. Eyni zamanda dövlət
qurumları üçün ayrılmış IP ünvan diapazonlarının xüsusi proqram
təminatları vasitəsilə təhlükəsizlik boşluqlarına qarşı aparılmış
periodik yoxlamalarının nəticələrinə əsasən 34 analitik hesabat
hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və proaktiv
tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə
fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir,
eləcə də ölkənin kibertəhlükəsizlik ekosistemini gücləndirərək
milli rəqəmsal dayanıqlığın artırılmasına, kritik informasiya
infrastrukturunun qorunmasına və kibertəhdidlərə qarşı çevik cavab
mexanizmlərinin formalaşdırılmasına mühüm töhfə verir.