Xaricdə təhsil almış namizədlərin 18-i imtahanı keçib, 35-i iştirak etməyib

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 mart 2026-cı il tarixində
müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici
dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə
imtahan keçirilib.

Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il
18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici
dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması
Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları
üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə
Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət
qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak
etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat
11:00-da başlanıb və 1 saat davam edib.




İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 181 nəfərdən 35
nəfər imtahana gəlməyib. İmtahanda 18 nəfər müvəffəqiyyət əldə
edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün
ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik
olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim
olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən
tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda
müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması
tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət
etmək istəyənlər 18 – 19 mart tarixlərində saat 14:00-dan 16:00-dək
DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev
küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında
diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.