SEPAH ABŞ-nin aviadaşıyıcısını vurub – İran ordu qərargahı

Baş səhifə

Bakı.Trend:

İranın Hərbi Dəniz Qüvvələri ABŞ-nin “USS Abraham Lincoln”
aviadaşıyıcısına bir neçə zərbə endirib və onu qismən sıradan
çıxarıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı
Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının bəyanatında
bildirilir.

“ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısı İslam İnqilabı
Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən vurulub və
sıradan çıxarılıb”, – İranın dövlət teleradio şirkəti onun
sözlərini sitat gətirir.

İran Silahlı Qüvvələri qeyd edib ki, aviadaşıyıcı Fars körfəzi
bölgəsini tərk edərək ABŞ-yə doğru yola düşür.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.