ABŞ Aİ, Çin və bir sıra digər ölkələrə qarşı ticarət araşdırmalarına başlayıb

Baş səhifə

Vaşinqton administrasiyası Avropa İttifaqı (Aİ), Çin və Hindistan da daxil olmaqla bir neçə ölkəyə qarşı ticarət araşdırmalarına başlayıb.

“Report”un məlumatına görə, bu barədə ABŞ-nin danışıqlardakı ticarət nümayəndəsi aparatının açıqlamasında bildirilib.

Araşdırmalar Vaşinqtonun istehsal sənayesində “artıq istehsal gücü” səbəb olduğuna və ABŞ ticarətinə maneələr yaratdığına inandığı qaydalar, siyasətlər və təcrübələrlə bağlıdır.

ABŞ-nin danışıqlardakı ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Birləşmiş Ştatların bir çox ticarət tərəfdaşları ölkələrin daxilində istehlak edə biləcəklərindən daha çox mal istehsal edir.

O vurğulayıb ki, bu cür həddindən artıq istehsal ABŞ-də daxili istehsalı pozur və Amerika sənayesinə investisiya qoyuluşuna mane olur.

Araşdırmalar ABŞ Prezidentinə milli ticarətə zərər verən məhdudiyyətlərə qarşı tədbir görməyə imkan verən 1974-cü ilin “Ticarət haqqında” Qanununun 301-ci maddəsi çərçivəsində aparılır.

Aİ, Çin və Hindistandan əlavə, araşdırma Banqladeş, Vyetnam, İndoneziya, Kamboca, Cənubi Koreya, Malayziya, Meksika, Norveç, Sinqapur, Tailand, İsveçrə, Yaponiya və Tayvanı da əhatə edəcək.