
Vaşinqton. Trend:
Amerika Birləşmiş Ştatlarının İxrac-İdxal Bankı Azərbaycan
bazarında böyük uğurlar qazanıb və fəaliyyətini daha da
genişləndirməyi gözləyir.
Trend-in xüsusi
müxbirinin məlumatına görə, bu barədə Amerika “EXIM Bank”ın
vitse-prezidenti Benjamin Todd Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət
Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və
biznes konfransında bildirib.
Onun sözlərinə görə, “EXIM Bank” həm uzunmüddətli layihələri,
həm də qısamüddətli ticarət sövdələşmələrini maliyyələşdirə bilir
və hər iki istiqamətdə Azərbaycanda kifayət qədər aktivdir.
“Hazırda təxminən 630 milyon dollarlıq kredit öhdəliklərimiz var
və böyümə üçün əhəmiyyətli potensial görürük. Qlobal miqyasda
bankın kredit öhdəlikləri təxminən 45 milyard dollar təşkil edir və
təxminən 135 milyard dollar həcmində kredit verməyə hazırıq. Ümid
edirəm ki, bu məbləğ icmalın nəticələrindən asılı olaraq bu il daha
da artacaq”, – deyə o bildirib.
Benjamin Todd qeyd edib ki, “EXIM Bank” müxtəlif iqtisadi
sahələrdə yeni imkanlar axtarmağa davam edir.
“Sədrimizin bankın gələcəyi ilə bağlı müəyyən etdiyi vizyon var
və o, Azərbaycanın da yaxşı mövqedə olduğu üç əsas sektora diqqət
yetirir. Bunlardan biri enerji sektorunda liderlik və karbohidrogen
sahəsinə dəstəkdir. Biz enerji sənayesinin mərkəzində olmaq və
vacib minerallar da daxil olmaqla etibarlı təchizat zəncirlərinin
təmin olunmasına töhfə vermək istəyirik”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, bank vacib minerallar sahəsində dəstək
imkanlarını və çevikliyini əhəmiyyətli dərəcədə genişləndirib.
“Növbəti istiqamətlər isə sənaye sahəsi, ilk növbədə süni
intellekt, eləcə də kosmik və digər yüksək texnologiyalı ixracdır”,
– deyə Benjamin Todd əlavə edib.

