Avropa dünyanın ən böyük silah idxalçısına çevrilib

Baş səhifə

Bakı. Trend:

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI)
açıqladığı yeni hesabat göstərir ki, son beş ildə Avropa ölkələri
dünyanın ən böyük silah idxalçısı olub.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Hesabata görə, Avropa dövlətləri Rusiyanın yaratdığı təhlükə və
ABŞ-nin təhlükəsizlik öhdəliklərinə inamın azalması fonunda silah
alışını kəskin artırıb. 2021–2025-ci illərdə Avropanın silah idxalı
2016–2020-ci illərlə müqayisədə üç dəfədən çox artıb.

SIPRI-nin məlumatına əsasən, hazırda qlobal silah idxalının 33
faizi Avropanın payına düşür. Bu göstərici əvvəlki beşillik dövrdə
12 faiz idi.

SIPRI Silah Transferi Proqramının direktoru Metyu Corcun
sözlərinə görə, Avropa ölkələrinə silah axınının kəskin artması
qlobal silah transferlərini təxminən 10 faiz yüksəldib.




Hesabatda qeyd olunur ki, Avropa ölkələri daxili istehsalı
artırsa da, xüsusilə döyüş təyyarələri və uzaqmənzilli hava
hücumundan müdafiə sistemləri üzrə ABŞ silahlarının alışını davam
etdirir.

Eyni zamanda Yaxın Şərq ölkələrinin silah idxalı 13 faiz azalıb.
Buna baxmayaraq, Səudiyyə Ərəbistanı və Qətər ən böyük dörd alıcı
arasında qalır.

Təchizatçılar arasında ABŞ qlobal silah ixracındakı payını 36
faizdən 42 faizə yüksəldərək liderliyini möhkəmləndirib. Fransa 9,8
faizlə ikinci yerdə qərarlaşıb. Rusiyanın payı isə 2022-ci ildə
Ukraynaya müdaxilədən sonra 21 faizdən 6,8 faizə düşüb.

Ümumilikdə Avropanın qlobal silah ixracındakı payı 28 faiz
təşkil edir ki, bu da Rusiyanın göstəricisindən dörd, Çinin
payından isə beş dəfə çoxdur.