
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran
tərəfindən Azərbaycan Respublikasının ərazisinə qarşı həyata
keçirilmiş dron hücumlarını qınayan və ölkəmizlə həmrəylik ifadə
edən bəyanatını yüksək qiymətləndiririk.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika
Birləşmiş Ştatlarının Dövlət Departamentinin İranın ölkəmizə qarşı
dron hücumları ilə bağlı bəyanatına dair şərhində deyilib.
Nazirlik bildirib ki, bu bəyanatla, ABŞ tərəfi öz tərəfdaşlarına
olan dəstəyini bütün dünyaya nümayiş etdirib.
“ABŞ tərəfindən bəyan edilən bu mövqe cari ilin 10 fevral
tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika
Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında
Xartiyanın ruhuna və məzmununa tam uyğundur.
Belə bir gərgin dönəmdə bir çox ölkələr Azərbaycana dəstəyini və
həmrəyliyini nümayiş etdirib. Biz onların hər birinə
minnətdarıq.
Təbii ki, dünyanın ən qüdrətli dövləti olan ABŞ tərəfindən
göstərilən bu dəstəyin xüsusi əhəmiyyəti vardır.
Nümayiş etdirilən prinsipial mövqeyə görə Amerika Birləşmiş
Ştatlarına təşəkkürümüzü bildiririk”, – deyə bildirilib.

