
Bakı.Trend:
Yasamal rayonu ərazisində, Abbasqulu ağa Bakıxanov küçəsindən
Cəfər Cabbarlı küçəsinə çıxışda salınan və üzərində həm piyada, həm
də velosiped nişanı olan yeni zolaq istifadəyə verilib.
Bu zolaq konkret olaraq kimlər üçün nəzərdə tutulub?
Təhlükəsizlik qaydaları necə tənzimlənəcək və sürücülər üçün əlavə
nişanlama nəzərdə tutulubmu?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ ilə
bağlı Trend-ə
bildirilib ki, Abbasqulu ağa Bakıxanov küçəsindən Cəfər Cabbarlı
küçəsinə çıxışda piyadaların və mikromobillik vasitələri
istifadəçilərinin müştərək istifadə edə biləcəkləri zolaq
yaradılıb. Sözügedən hissədə səki olmadığı üçün piyada keçidindən
keçənlər hərəkətlərini həmin zolaqla davam etdirə bilərlər.
Qurumdan qeyd edilir ki, bu, səkinin təşkilinə kimi müvəqqəti
həlldir.
“Piyada zolağının təşkilindən əvvəl də vətəndaşlar həmin yol
sahəsindən aktiv istifadə edirdilər. Yaxınlıqda məktəb yerləşdiyi
üçün günün müəyyən vaxtlarında buradan bir saat ərzində 1000 nəfərə
yaxın piyada keçid kimi istifadə edir.
Qeyd edək ki, Vyana, Sürix, San-Fransisko, Melburn, Tallin,
Praqa kimi müasir infrastruktura malik şəhərlərdə bu təcrübədən
geniş istifadə edilir. Mikromobillik istifadəçiləri yolun həmin
hissəsində piyadalara yol verərək hərəkət etməlidir”.

