Avropa Yenidənqurma və İnkişaf Bankı yaxın illərdə Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini proqnozlaşdırır

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın real
ümumi daxili məhsulunun (ÜDM) 2026-cı ildə 2%, 2027-ci ildə isə
illik ifadədə 2,5% artacağını proqnozlaşdırır.

Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, 2025-ci ildə iqtisadi dinamika zəifləyib: real
ÜDM artımı 2024-cü ildəki 4,2% ilə müqayisədə 1,4%-ə qədər
yavaşlayıb. “Yavaşlama karbohidrogen hasilatının 1,6% azalması ilə
bağlı olub. Qeyri-neft-qaz sektorlarında artım 2024-cü ildəki
6,5%-dən 2,7%-ə düşüb, istehlak inflyasiyası isə əsasən ərzaq
məhsulları və xidmətlərin bahalaşması səbəbindən 2025-ci ildə
5,6%-ə qədər yüksəlib, lakin Mərkəzi Bankın hədəf diapazonu (4% ± 2
faiz bəndi) daxilində qalıb”.

Vurğulanır ki, Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyul və
dekabr aylarında hər biri 25 baza bəndi olmaqla iki dəfə faiz
dərəcəsini azaldıb və bununla da 2023-cü ilin noyabrından bəri
ümumi monetar yumşalma 225 baza bəndinə çatdırılıb. Artımın
yavaşlamasına baxmayaraq, fiskal və xarici buferlər dayanıqlı
olaraq qalıb. 2025-ci ildə dövlət büdcəsi ÜDM-in 0,4%-i həcmində
profisitlə icra olunub. Dövlət borcu aşağı səviyyədə qalaraq
2025-ci ilin sentyabr ayına olan vəziyyətə görə ÜDM-in təxminən
20%-ni təşkil edib.

“Enerji daşıyıcılarının ixrac gəlirlərinin azalması və mal
idxalının artması fonunda 2025-ci ilin ilk üç rübündə xarici
ticarət profisiti azalıb. Dövlət Neft Fondunun aktivləri və Mərkəzi
Bankın valyuta ehtiyatları daxil olmaqla beynəlxalq ehtiyatlar
2025-ci ilin dekabr ayına 85,1 milyard ABŞ dollarına (ÜDM-in
112%-i) çatıb.




Real ÜDM artımının 2026-cı ildə 2,0%-ə, 2027-ci ildə isə 2,5%-ə
qədər sürətlənəcəyi gözlənilir. Proqnoz karbohidrogenlərin
qiymətlərinə və hasilat həcmlərinə həssas olaraq qalır. Müsbət
amillər kimi ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla sülh təşəbbüsü
çərçivəsində regional əlaqəliliyin və ticarət təşəbbüslərinin
inkişafı, həmçinin bərpa olunan enerji sahəsinə davam edən iri
həcmli investisiyalar qeyd olunur ki, bunlar iqtisadi artımın
sürətlənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə
bilər”, – deyə bank bildirib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,
2026-cı ilin yanvar ayında ölkədə 9 milyard 78,7 milyon manatlıq və
ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz çox ümumi daxili
məhsul istehsal olunub.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər
0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artmışdır.

ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət;
nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar
təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və
ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4
faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis
vergilər ÜDM-in 11,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olub.