
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanla Amerika Birləşmiş Ştatları
(ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 39,3 milyon ABŞ
dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 18,7 milyon ABŞ dolları və ya 32,3% azdır.
Bu ilin yanvar ayında Azərbaycandan ABŞ-yə 7,6 milyon dollarlıq
məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə
2,25 milyon ABŞ dolları və ya 41,2% çoxdur.
Hesabat ayı ərzində Azərbaycandan ABŞ-yə ixrac əməliyyatlarının
6,811 milyon dollarını qeyri-neft məhsulları təşkil edib ki, bu da
2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə 1,4 milyon
ABŞ dolları və ya 26,2% çoxdur. ABŞ-yə qeyri-neft məhsullarının
ixracı Azərbaycanın ümumi qeyri-neft ixracına nisbətən 2,54% paya
malik olub. Bununla da hesabat ayında ABŞ Azərbaycanın ən çox
qeyri-neft məhsulları ixrac etdiyi ölkələr siyahısında 8-ci pillədə
qərarlaşıb.
Hesabat dövründə ABŞ-dən Azərbaycana isə 31,6 milyon ABŞ dolları
dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin
eyni dövrü ilə müqayisədə 21 milyon ABŞ dolları və ya 39,9% azalma
deməkdir.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə
3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%
azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,
1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və
ya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%
azdır.

