
Bir ömür müharibələrə qarşı əsərlər yazan Hüseyn Cavid və
müharibə səbəbkarı olan, terrorizmi maliyyələşdirən, revanşizmə
yatırım edən Ruben Vardanyan.
“Kor ərəbin” mahnısında “Ədalət, ah ədalət”
deyən Hüseyn Cavidin adı ədalət məhkəməsində
mühakimə olunan Ruben Vardanyanın dilindən səslənir…
O, əsrin məhkəməsində deyir ki, istintaq müddətində Azərbaycanın
Cinayət Məcəlləsini, Füzulini və Cavidin əsərlərini oxumuşam.
Uzaq keçmiş deyildi, 10 noyabr razılaşmasından sonra, asta-asta
durulmağa başlayanda Azərbaycanın radiolarından erməni dilində
mülki əhaliyə elanlar verilirdi…
“Öz dillərində” yox, onların dilində danışsaydıq, gərək biz də
Xocalıya Xocalı ilə cavab verəydik. Biz sadəcə onların danışıq
dilində deyirdik, ermənicə:
“Bizim mülki əhali ilə işimiz yoxdur”.
Azərbaycan ordusunun mülki əhali ilə işinin olmadığını dediyi
zamanda Vardanyan Xankəndidə uzun illərdir əsalətini qoruyub
saxlayan bir çinarın altında durub mülki əhalini müharibəyə
səsləyirdi. Deyirdi, müharibə bitməyib.
Bəlkə də Vardanyan və onun kimilərin nağılları olmasaydı, Xankəndi,
Xocalı, Əsgəran qan tökülmədən azadlığa qovuşacaqdı, antiterror
tədbirlərinə də ehtiyac olmayacaqdı.
Təəssüf ki, Vardanyan həmin vaxtlar Hüseyn Cavidi
oxumamışdı.
Ariflər təkcə nəsə eləyən insanlar deyil, həm də nəyi nə vaxt
etməyi bilən insanlardır. Hüseyn Cavidi oxumalı vaxtı qoca çinarın
altında durub sadə insanlara nağıl danışan Vardanyan həyatının ən
böyük səhvindən sonra Füzulini, Hüseyn Cavidi oxuyur…
Oxumaq gözəldir…. Amma ondan da gözəli vaxtında oxumaqdır:
“İblis nədir? – Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? – İblis! (H.Cavid)
Sərdar Amin
“Trend” İnformasiya Agentliyinin azərbaycandilli xəbərlər
xidmətinin rəhbəri

