
Bakı. Trend:
Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyasının iclası keçirilib.
Trend xəbər verir ki,
Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
2025-ci il ərzində görülmüş işlər, o cümlədən həyata keçirilən
korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri barədə
məlumat verib. Eyni zamanda, qanunvericiliyə edilmiş
dəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərə
təsiri iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Komissiya sədri bildirib ki, 2025-ci il ərzində korrupsiya
risklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdə
təsbit edilib, korrupsiya barədə məlumat verən şəxslərin
hüquqlarının müdafiəsi istiqamətində müvafiq normalar
qanunvericiliyə əlavə olunub. Həmçinin vətəndaş cəmiyyəti
nümayəndələrinin korrupsiya ilə mübarizə fəaliyyətində
iştirakçılıqları təmin olunmaqla qeyri-hökumət təşkilatlarının
nümayəndələri və müstəqil ekspertlər işçi qrupların fəaliyyətinə
cəlb ediliblər.
Bununla yanaşı, 2025-ci il ərzində korrupsiya ilə mübarizə
sahəsində dövlət proqramlarının qiymətləndirilməsi üzrə
nəticəəsaslı monitorinq mexanizminin əsasları müəyyənləşdirilib.
Belə ki, keçən dövr ərzində Komissiyanın Katibliyi tərəfindən
vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Korrupsiya ilə
mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli
Fəaliyyət Planı”nın monitorinqi və qiymətləndirilməsi
Metodologiyası” hazırlanıb. Bu mexanizm korrupsiya ilə mübarizə
tədbirlərinin dəqiq meyarlar əsasında qiymətləndirilməsinə şərait
yaradacaq.
İclasda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq
məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində
Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) və
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və
Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) 5-ci
dəyərləndirmə raundu çərçivəsində Azərbaycan Respublikası üzrə
verdiyi tövsiyələrin icra vəziyyətinə dair qəbul edilmiş
hesabatların nəticələri də müzakirə olunub. Bu istiqamətdə görülmüş
işlər qənaətbəxş hesab olunaraq tövsiyələrin icrası ilə bağlı
tədbirlərin davam etdirilməsi qərara alınıb.
Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində
beynəlxalq təşəbbüslərdə iştirakı, korrupsiya ilə mübarizədə
vəkilliyin rolu və bu istiqamətdə aparılan son islahatlar barədə
məruzələr dinlənilib. Eləcə də şəffaflığın artırılması və
korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün
verilən təkliflər müzakirə edilib.
Həmçinin Komissiyanın Katibliyi tərəfindən hazırlanmış
korrupsiya risklərinin idarə edilməsi qaydalarının layihəsi
məqsədəmüvafiq hesab olunub, növbəti dövr üçün iş planı
təsdiqlənib.

