RİY-in azalması və mürəkkəb borc strukturları inkişaf etməkdə olan ölkələrə təzyiqi artırır – AYİB

Baş səhifə

Bakı. Trend:

Rəsmi inkişaf yardımının (RİY) azalması və borcun
restrukturizasiyası mexanizmlərinin getdikcə daha mürəkkəb xarakter
alması inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemləri daha da
ağırlaşdırır.

Trend xəbər verir ki, bunu
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile
Reno-Basso Münhen Təhlükəsizlik Konfransında bildirib.

“Çağırışlardan danışarkən iki əlavə elementi qeyd etmək
lazımdır. Birincisi, RİY-in azalmasıdır. Borc böhranı rəsmi inkişaf
yardımının həcmlərinin kifayət qədər ciddi azalması ilə üst-üstə
düşür və bu, təsirsiz ötüşməyəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, ikinci ciddi problem borcun
restrukturizasiyası mexanizmlərinin artan mürəkkəbliyidir.

“Mən illər əvvəl Paris Klubuna rəhbərlik etmişəm və həmin dövrdə
borcun əsas hissəsi Paris Klubuna üzv ölkələrin payına düşürdü.
1990-cı illərdə yüksək borcluluq səviyyəsinə malik ölkələrlə
danışıqlar bəzən vaxt aparsa da, kreditorların bir araya gələrək, o
cümlədən borcun silinməsi daxil olmaqla, tənzimləmə şərtlərini
razılaşdırmasına imkan verən strukturlaşdırılmış çərçivə mövcud
idi”, – deyə Reno-Basso xatırladıb.

O əlavə edib ki, bu gün kreditorların strukturu xeyli dərəcədə
parçalanıb.




“Paris Klubu kreditorları var, lakin onların payı azalıb;
istiqraz sahiblərinin sayı artıb, özəl borc həcmi, istiqrazsız
ikitərəfli özəl borc, eləcə də Paris Klubuna daxil olmayan iri
ikitərəfli kreditorların sayı çoxalıb. Əməkdaşlıq mexanizmləri daha
da mürəkkəbləşib”, – deyə Reno-Basso izah edib.

O, G20-nin Ümumi Çərçivə proqramını “bütün tərəfləri cəlb etməyə
imkan verən düzgün yanaşma” adlandırsa da, prosesin hələ də ləng
getdiyini etiraf edib: “Müəyyən irəliləyiş əldə olunub, lakin
sürətləndirmə, daha sıx əməkdaşlıq və bütün növ kreditorların daha
fəal iştirakı zəruridir”.

AYİB prezidenti, həmçinin G20-nin kapitalın yetərliliyi
təşəbbüsü çərçivəsində görülən işlərə diqqət çəkərək, bunun
çoxtərəfli inkişaf banklarının kreditləşmə imkanlarını
genişləndirməyə kömək etdiyini bildirib.

Sonda Reno-Basso dövlətlərin borc yükünü artırmayan özəl
investisiyaların təşviq edilməsinin vacibliyini vurğulayıb.

“Biz dövlət borclanması ilə əlaqəli olmayan, özəl investorların
yatırımları hesabına xidmətlərin inkişafına, tələbatların
ödənilməsinə, iş yerlərinin yaradılmasına və müsbət iqtisadi
artımın təmin edilməsinə töhfə verən investisiyaları təşviq
etməliyik ki, bu da ölkələrə bu borc böhranından çıxmağa kömək
edəcək”, – deyə o bildirib.