Azərbaycanda hər bir uşağın monitorinqi aparılmalıdır – Millət vəkili

Baş səhifə

Bakı. Trend:

Ailənin içərisinə daxil olmaq, onun problemlərini oxumaq olmur,
amma Azərbaycanda hər bir uşağın monitorinqi aparılmalıdır.
Gecəqondularda yaşayan uşaqların vəziyyətini mütləq
araşdırmalıyıq.

Trend xəbər
verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri Fazil Mustafa Milli Məclisin bugünkü plenar
iclasında “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.




O qeyd edib ki, sahibsiz, kimsəsiz uşaqları yerləşdirmək üçün
uşaq internat məktəbləri yetərli səviyyədədirmi, biz oraya uşağı
göndərə bilərikmi?!

“Uşaq bağçaya getməlidir və bağçada yer yoxdur. Minlərlə uşaq bu
hüquqdan məhrumdur, bunu təmin etmək imkanını necə əldə edəcəyik?!
İdman komplekslərinin ya qapısı bağlıdır, ya da uşağın yaşadığı
regionda idman kompleksi yoxdur. Onu ora daşıyacaq valideynin
imkanı da yoxdur. Yaradıcılıq qabiliyyəti olan uşaqlar yaradıcılıq
evinə getməlidir. Yaradıcılıq mərkəzi həmin uşağın yaşadığı
ərazidən uzaqda yerləşir. Avtobuslar 5 yaşından uşaqlar üçün pulsuz
deyil. Valideynin də imkanı olmadıqda istedad hardasa öləcək,
parlaya bilməyəcək. Məktəbdə idman zallarının vəziyyəti
standartlara uyğun olmayanda uşaqlar orda yetişə bilmir.
Məktəblərdə üzgüçülük hovuzları yoxdur, pulsuz üzgüçülük hovuzları
tapmaq çətindir. Mən bunları mexanizm tapmaq üçün sadalayıram.
söhbət 2,73 milyon kontingetdən gedir. Buna ayrıca nazirliyin bütün
imkanlarını səfərbər etmək üçün böyük bir büdcəyə sahib olmaq
lazımdır”, – deyə o bildirib.