Qazaxıstan Ukrayna və ABŞ vətəndaşlarını qumar biznesi təşkil etdiklərinə görə axtarışa verib

Baş səhifə
Qazaxıstan Ukrayna və ABŞ vətəndaşlarını qumar biznesi təşkil etdiklərinə görə axtarışa verib

Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi ölkədə qeyri-qanuni qumar biznesini təşkil etməkdə şübhəli bilinən iki xarici vətəndaşı axtarışa verib.

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Agentliyin məlumatında bildirilib.

İstintaqla müəyyən edilib ki, “PIN-UP” və “PINCO” brendləri altında onlayn-kazino fəaliyyəti xaricdən əlaqəli şirkətlər şəbəkəsi vasitəsilə hərəkət edən qrup tərəfindən təşkil edilib.

“İki xarici vətəndaş – ABŞ və Ukrayna vətəndaşları koordinator olublar, onlar köməkçiləri seçib, ödəniş təşkilatları və ikinci dərəcəli bankların nümayəndələri ilə əməkdaşlıq ediblər. Onlayn-kazino müştərilərindən əldə edilən vəsaitlər tranzit hesablarda toplanıb və daha sonra əlaqəli şirkətlərin köməyi ilə kriptovalyutaya çevrilib”, – agentlikdən bildirilib.

Məhkəmə onların barəsində həbs-qəti imkan tədbiri (qiyabi) seçib.