Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistana səfər etdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə
olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Xələf Xələfovu qəbul edib. X.Xələfov Baş nazirin müavini və xarici
işlər naziri Məhəmməd İshaq Dar ilə də görüşüb.

Ölkəmizin Pakistandakı səfirliyindən Trend-ə bildiriblər ki, görüşlər zamanı iki
ölkə arasındakı sarsılmaz dostluğa və qardaşlığa əsaslanan
münasibətlərimizin dinamik inkişafının əhəmiyyəti vurğulanıb.
Strateji xarakter daşıyan ikitərəfli əlaqələrimizin Azərbaycan
Prezidenti və Pakistanın Baş nazirinin liderliyi ilə yeni müstəviyə
yüksəldiyi məmnunluqla ifadə olunub.

Qeyd olunub ki, son dövrlər qardaş ölkə liderləri tərəfindən
həyata keçirilən intensiv qarşılıqlı səfərlər və müxtəlif
platformalar çərçivəsində keçirilən görüşlər münasibətlərə yeni
məzmun və keyfiyyət qazandırıb.

Görüşlərdə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri
nəzərdən keçirilib. Siyasi, müdafiə və təhlükəsizlik sahəsində
mövcud əməkdaşlığın genişləndirilməsi, habelə iqtisadi-ticarət,
investisiya, turizm, İT, süni intellekt, kənd təsərrüfatı, rabitə,
mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi ilə
tərəfdaşlığın dərinləşməsi imkanları ətrafında müzakirələr
aparılıb.

Görüşlərdə, həmçinin bütün regional və beynəlxalq platformalar
çərçivəsində dost və qardaş ölkələrimizin bir-birinin haqq işini
fəal şəkildə müdafiə etməsi xüsusilə vurğulanıb. Bununla yanaşı,
tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən
irəli gələn məsələlər ətrafında, xüsusilə AQEM-in beynəlxalq
təşkilata transformasiyası mövzusunda müzakirələr aparıb.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi
tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Azərbaycanın
intellektual brendi olan “ASAN konsepsiyası” əsasında yaradılan və
cari ilin yanvarın 14-də Pakistanın Baş nazirinin iştirakı ilə
açılışı həyata keçirilən Pakistan “Asan xidməti” mərkəzini ziyarət
edib, görülmüş işlərlə tanış olub.