Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında
“Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun
fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya
xidmətləri təklif edən “Qurtuluş” reabilitasiya mərkəzində
Ombudsman Aparatının əməkdaşları tərəfindən monitorinq
keçirilib.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı
haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan
Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqin
məqsədi bu mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərinin
araşdırılması və reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin
hüquqlarının təmini məsələlərinin öyrənilməsi olub.
Mərkəzin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma,
tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək
hüququ kimi məsələlərlə bağlı müəssisənin rəhbərliyi və
əməkdaşlarla söhbət aparılıb.
Monitorinq zamanı mərkəzdəki yataqxana, yeməkxana, ibadət
otaqları, inzibati hissə və istirahət zonalarına baxış keçirilib,
reabilitasiya keçən bir neçə nəfər könüllü və konfidensial qaydada
qəbul edilib.
Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsi
həyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləri
araşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədə
məlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb.
Monitorinq çərçivəsində Ombudsmanın “916” Çağrı Mərkəzinin
fəaliyyəti barədə informasiyanı əks etdirən məlumat lövhələrinin
mövcudluğu və reabilitasiya keçən şəxslərin Ombudsmana müraciət
hüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri
mərkəzin nümayəndələrinə təqdim edilib.
Qeyd etmək lazımdır ki, reabilitasiya xidmətləri göstərən
mərkəzlərin fəaliyyəti üzərində müntəzəm nəzarətin təmin edilməsi,
müvafiq sahədə qanunvericiliyin və lisenziyalaşdırma prosesinin
təkmilləşdirilməsi, etik prinsiplərə ciddi riayət olunması
zəruridir. Eyni zamanda, media nümayəndələri və ictimaiyyətin
reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşması
xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, asılılıqlardan əziyyət
çəkən şəxslərin cəmiyyətə adaptasiyası üçün vacib olan bu cür
mərkəzlər barədə yoxlanılmamış məlumatların yayılmasının da
narahatlıq doğurduğu vurğulanmalıdır.
Məsələ Ombudsmanın diqqət mərkəzindədir. Reabilitasiya
xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam
etdirilməsi, monitorinqlərin nəticələri əsasında aparılan təhlil
işinin yekunlaşdırılaraq müvafiq təklif və tövsiyələrin
hazırlanması və aidiyyəti dövlət orqanlarına ünvanlanması nəzərdə
tutulur.

