Xidmət keyfiyyəti göstəricilərində müsbət nəticələr müşahidə olunur

Baş səhifə

Bakı. Trend:

AZCON şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən xidmət
keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl
tədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarə
olunmasında mühüm nəticələr verib. Belə ki, qurumun rəsmi internet
saytı və sosial şəbəkə hesabları vasitəsilə daxil olan
müraciətlərin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə
azalıb.

Müraciət və zənglərin sayında qeydə alınan azalma 2021 – 2024-cü
illərdə icra edilmiş “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində
infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və
qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi
qiymətləndirilir.

Regionlar üzrə onlayn platformalar vasitəsilə 83 mindən çox
sorğu emal olunub ki, bu da ötən illə müqayisədə 30 faiz azalma
deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 43 minədək təşkil edib
və müraciətlərin sayında 39 faiz azalma qeydə alınıb.




Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən çağrı
mərkəzlərinə daxil olan zənglərin sayında da müsbət dəyişiklik
müşahidə olunub. Regionlar üzrə 711 mindən çox zəng qəbul edilib
ki, bu göstərici əvvəlki illə müqayisədə 31 faiz azalıb. Bakı
şəhəri üzrə isə 578 mindən artıq zəng cavablandırılıb və zənglərin
sayında 15 faiz azalma qeydə alınıb.

“Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlı
xidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini
davam etdirir.