Azərbaycan Banklar Assosiasiyası ilə daha sıx əməkdaşlıq imkanları araşdırılır – PBA prezidenti (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Xalqlarımız arasında mövcud olan xoş münasibətlər və qarşılıqlı
hörmət Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlığın daha da
inkişafı üçün əlverişli şərait yaradır.

Bu barədə Trend-ə müsahibəsində Polşa Banklar Assosiasiyasının
(PBA) prezidenti Tadeuş Byalek bildirib.

Onun sözlərinə görə, Polşa Banklar Assosiasiyası ilə Azərbaycan
Banklar Assosiasiyası (ABA) arasında davamlı əməkdaşlıq 2024-cü
ildən başlayıb.

“2024-cü ilin noyabrında biz kibertəhlükəsizlik və ödəniş
sistemləri sahəsində ixtisaslaşmış azərbaycanlı bank mütəxəssisləri
üçün təlim səfəri təşkil etdik.

İki həftə sonra, 2024-cü ilin dekabr ayının əvvəlində ABA-nın
icraçı direktoru Yunus Abdulovun Polşaya səfəri zamanı əməkdaşlıq
və ikitərəfli əlaqələrin inkişafına dair Memorandum imzaladıq.

2025-ci ilin oktyabrında isə bu dəfə pərakəndə bankçılıq və bank
sığortası sahəsində çalışan mütəxəssislərdən ibarət daha bir ABA
nümayəndə heyətini qəbul etdik və onlar üçün xüsusi hazırlanmış
proqram əsasında təlim səfəri təşkil olundu”, – deyə o
bildirib.

PBA prezidenti qeyd edib ki, Polşa Banklar Assosiasiyasının
nümayəndə heyətləri 2024 və 2025-ci illərdə Bakıya səfər
ediblər.

O, ümumilikdə Polşa və Azərbaycan bank assosiasiyaları arasında
tərəfdaşlığın inkişafını müsbət qiymətləndirdiyini vurğulayıb.

Bank assosiasiyaları arasında təcrübə mübadiləsi və
əməkdaşlığın genişləndirilməsi planları həyata keçirilməkdə davam
edir

T.Byalekin sözlərinə görə, hazırda iki assosiasiya arasında
birgə işçi qrupları və ya daimi təcrübə mübadiləsi platformaları
yaradılmayıb.

“Əvvəlcə hər iki assosiasiyanın fəaliyyət sahəsini və ölkələrin
bank sistemlərinin işləmə xüsusiyyətlərini daha dərindən öyrənmək
lazımdır. Azərbaycan bank sistemi qabaqcıl texnoloji həllərdən
istifadə etməklə yüksək keyfiyyətli ödəniş xidmətləri təklif
edir.




ABA həmçinin kadr potensialının inkişafı sahəsində fəal
fəaliyyət göstərir və bank assosiasiyasına üzv olan bankların
əməkdaşlarının yüksək peşə səviyyəsini təmin edən tədris
proqramları təqdim edir. Bu il azərbaycanlı bankirlərin daha bir
qrupunun Polşaya təlim səfərinin təşkili planlaşdırılır, buna görə
də daha sıx əməkdaşlıq yollarının axtarışı davam edəcək”, – deyə o
qeyd edib.

Kibertəhlükəsizlik və maliyyə fırıldaqçılığı ilə
mübarizə sahəsində əməkdaşlıq inkişaf etməkdə davam
edir

“2024-cü ildə biz kibertəhlükəsizlik və maliyyə fırıldaqçılığı
sahəsində azərbaycanlı ekspertlərdən ibarət nümayəndə heyətini
qəbul etdik. Onlara maliyyə cinayətləri ilə mübarizə və
kibertəhlükələrin qarşısının alınması üzrə tətbiq etdiyimiz
mexanizmləri təqdim etdik.

Tarixi şəraitə görə Polşa bank icması kibertəhlükəsizlik,
fırıldaqçılığa qarşı mübarizə və kibercinayətlərin qarşısının
alınması sahəsində mərkəzləşdirilmiş həllərin vacibliyini erkən
dərk edib. Bu həllər Polşada artıq altı ildən çoxdur ki, tətbiq
olunur. Hazırda oxşar layihələr regionumuzun bir sıra digər
ölkələrində də həyata keçirilir”, – deyə PBA prezidenti əlavə
edib.

Onun sözlərinə görə, ABA hazırda kiberdələduzluq və
kibertəhlükələrin qarşısının alınması sahəsində mərkəzləşdirilmiş
informasiya mübadiləsi ilə bağlı layihə üzərində də çalışır.

Azərbaycan və Polşa arasında iqtisadi və turizm
əməkdaşlığının perspektivləri

T.Byalek bildirib ki, 2024-cü ilin yekunlarına görə Polşadan
Azərbaycana ixracın həcmi təxminən 128 milyon ABŞ dolları,
Azərbaycandan Polşaya idxal isə 8,5 milyon ABŞ dolları təşkil
edib.

“Bu, Polşanın ümumi ixracının 0,05 faizindən, idxalının isə 0,01
faizindən azdır. Şübhəsiz ki, ticarət dövriyyəsi ildən-ilə sabit
şəkildə artır, lakin mövcud göstəricilər hələlik nisbətən aşağı
səviyyədədir. Hazırda hər iki ölkənin banklarının ticarət
maliyyələşdirilməsi bölmələri biznesin ehtiyaclarını uğurla
qarşılayır və biz ciddi problemlərlə bağlı hər hansı siqnal
almırıq”, – deyə o bildirib.

PBA prezidenti vurğulayıb ki, xalqlarımız arasında mövcud olan
xoş münasibətlər və qarşılıqlı hörmət Azərbaycan ilə Polşa arasında
iqtisadi əməkdaşlığın daha da inkişafı üçün yaxşı zəmin
yaradır.

“Azərbaycan təbiətinin gözəlliyi və ənənəvi qonaqpərvərliyi
sayəsində Polşadan turist axını artır. Bank assosiasiyalarımız
arasında sıx əlaqələr də ölkələrimiz arasında əməkdaşlığın daha da
genişlənməsinə töhfə verəcək və bu, hər iki tərəf üçün faydalı
olacaq”, – deyə Tadeuş Byalek bildirib.