Ben-Qvirin Fransaya girişi qadağan edildi

Baş səhifə

Bakı. Trend:

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Fransaya
girişi qadağan edilib.

Trend xəbər
verir ki, bu barədə Fransa Xarici işlər naziri Jan-Noel Barro “X”
sosial media hesabında paylaşım edib.

Fransa XİN rəhbəri bildirib ki, bu gündən etibarən İtamar
Ben-Qvirin Fransa ərazisinə daxil olması qadağandır.

Onun sözlərinə görə, bu qərar Ben-Qvirin Sumud donanmasında
iştirak edən Fransa və digər Avropa ölkələri vətəndaşlarına qarşı
qəbuledilməz hərəkətləri səbəbindən verilib.




Eyni zamanda, o qeyd edib ki, Paris bu donanmanın heç bir real
fayda gətirməyən, yalnız diplomatik və konsulluq xidmətlərinə əlavə
yük yaradan təşəbbüs kimi qiymətləndirir.

“Lakin, biz Fransa vətəndaşlarının, xüsusən də bir məmur
tərəfindən bu şəkildə qorxudulmasına, təhdid edilməsinə və ya güc
tətbiq edilməsinə dözə bilmərik. Qeyd edim ki, bu hərəkətlər bir
çox İsrail siyasi xadimləri tərəfindən pislənib”, – Barro
vurğulayıb.

O, həmçinin Avropa Birliyini Ben-Qvirə qarşı sanksiyalar tətbiq
etməyə çağırıb.