Bakı. Trend:
Almaniyanın paytaxtında təxminən 4 milyon kiloqram kartof
sakinlərə və müxtəlif təşkilatlara pulsuz paylanır.
Trend xəbər verir
ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Təşəbbüs Berliner Morgenpost qəzeti və Berlində yerləşən Ecosia
şirkəti tərəfindən irəli sürülüb. Onların hesablamalarına görə,
tərəvəzlərin ümumi çəkisi təxminən 800 yetkin filin çəkisinə
bərabərdir.
Bunun səbəbi rekord həddə kartof yığımıdır: bu il Almaniyada 13
milyon tondan çox kartof yığılıb ki, bu da son 25 ildə ən yüksək
göstəricidir və uzunmüddətli orta səviyyədən 17% yüksəkdir. Təklif
tələbdən kəskin çox olduğundan istehsalçılar itkilərlə üzləşir və
saxlama üçün əlavə xərc çəkirlər.
Saksoniyadan olan bir fermer artıq qalan məhsulu Berlinə
bağışlamağı təklif edib və bu da aksiya üçün əsas olub.
Təşkilatçılar ehtiyacı olanlara məhsul paylaya bilmək şərti ilə,
bir tona qədər kartof istəyən hər kəsə ianə etməyə hazırdırlar.
Alanlar arasında kilsələr, məktəblər, idman klubları, yerli
təşkilatlar, xeyriyyə qurumları və fərdlər var.

