Suriya ordusu qeyri-qanuni silahlı birləşmələrə qarşı əməliyyatlarını genişləndirib

Baş səhifə

Bakı. Trend:

Suriya ordusu Hələbin Şeyx Maqsud və Əşrəfiyyə rayonlarında
möhkəmlənmiş Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı
əməliyyatlarını genişləndirib.

Trend xəbər verir ki,
silahlıların sığınacaqları və komanda mərkəzləri məhv edilib.

Suriya ordusu əməliyyatlarda mülki əhali arasında itkiləri
minimuma endirmək üçün onların təxliyəsini təşkil edib. Hələbdən
çıxmaq istəyənlər üçün qaynar xətt yaradılıb. Bildirilir ki,
şəhərdən indiyədək 142 mindən çox sakin çıxarılaraq sığınacaqlarda
yerləşdirilib.




Məlumat verilir ki, SDQ-nin mülki yerləri atəşə tutması
nəticəsində ölən və yaralananlar var. Hələb Səhiyyə İdarəsinin
sözçüsü Munir Əhməd bildirib ki, qeyri-qanuni silahlı qüvvələrin
şəhəri atəşə tutmaları nəticəsində 9 sakin ölüb, 52 nəfər
yaralanıb.

Qeyd edək ki, SDQ-nin silahlarını təhvil vermələri və vahid
Suriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqlar nəticəsiz
yekunlaşıb.