İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşının rifahı dayanır – RƏY

Baş səhifə

Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşının rifahı dayanır.

Bu fikri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Deputat qeyd edib ki, dövlət başçısının ilk dəfə prezident seçiləndə verdiyi sərəncamlardan biri 2004-cü ildən icra olunmağa başlayan və hazırda dördüncü dəfə hazırlanaraq həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları olub:

“Dövlətimizin maliyyə imkanları artdıqca sosial inkişaf proqramlarının əhatə dairəsi də genişlənib. Belə ki, son 23 ildə ölkədə 23 min km-dən çox avtomobil yolu, dörd minə yaxın təhsil müəssəsi, 100-dən çox xəstəxana, 40-dan çox idman-olimpiya kompleksi istifadəyə verilib, elektrik və rabitə xidmətləri müasirləşdirilib. Sürətli internetlə ölkənin 100% təmin olunması, qazlaşmanın 97%-ə çatması, dəmir yolların yenidən qurulması, içməli su və kanalizasiya xidmətlərin müasirləşdirilməsi, işsizliyin 5,3%-ə enməsi və s. məqamlar bütövlükdə vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edib”.

Deputat deyib ki, İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə əməkhaqqılar, pensiyalar və müavinətlər dəfələrlə artırılıb:

“Son 7 ildə dövlət başçısının sərəncamı ilə icra olunan beş sosial paketin icrasına əhatə dairəsi 4 milyon insan olmaqla, dövlət büdcəsindən 8 milyard manata yaxın sərf olunub.

Ölkəmizin iqtisadiyyatı da sürətlə artmaqdadır. Biz torpaqlarımızı həm işğaldan azad etdik, həm də yenidən qurub bərpa edirik. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulub, bərpa edilməsinə dövlət büdcəsindən 25 milyard manat vəsait ayrılıb.

Büdcə vəsaitlərinin böyük bir hissəsi işğaldan azad olunmuş ərazilərə və digər vacib sahələr üzrə nəzərdə tutulmuş dövlət proqrammların icrasına ayrılsa da, sosial sahə üzrə icrası nəzərdə tutulan heç bir proqram ixtisar olunmayıb. Bununla yanaşı ölkənin valyuta ehtiyatları 80 milyard dolları keçməklə xarici dövlət borcunu 17 dəfə üstələyib. Bəli, dövlət başçısın rəhbərliyi altında ölkəmizin iqtisadi imkanları artdıqca aparılan sosial siyasət də dərinləşdirilir.

Gələcəkdə də sosial siyasət dərinləşəcək və ölkənin iqtisadi gücü artıqca vətəndaşların rifahının yaxşılaşmasına xidmət edəcək addımların icrası daha da genişlənəcək”.