Bakı. Trend:
12 yanvar 2026-cı il tarixindən fəaliyyətə başlayacaq
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki
açıqlanıb.
Trend ADY-na istinadən xəbər
verir ki,qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından
Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət
edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə
də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki
stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ
istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün
olacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat
18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı
ilə Bakıya gələ bilərlər.
Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət
göstəriləcək. Qatarlarda standart, standart+, biznes və birinci
siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal
qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ
istiqamətində isə 1.70 AZN təşkil edir.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya
və dayanacaqlarından da istifadə edə biləcəklər.
Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi
vasitəsilə əldə etmək mümkündür.


