
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə
heyətini qəbul edib.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında politoloq Azər Qarayev
bildirib ki, bu görüş Azərbaycan-ABŞ münasibətlərinin hazırkı
mərhələsini və gələcək istiqamətlərini aydın göstərən mühüm siyasi
hadisə kimi qiymətləndirilə bilər.
“İlk növbədə, ABŞ nümayəndə heyətinin yüksək səviyyəli və
ikipartiyalı tərkibi Vaşinqtonda Azərbaycana marağın davamlı
xarakter daşıdığını göstərir. Silahlı Qüvvələr və Gəlirlər
komitələrinin üzvlərinin iştirakı təhlükəsizlik, müdafiə, ticarət
və iqtisadi məsələlərin ABŞ Konqresi üçün prioritet mövzular
olduğunu təsdiqləyir. Görüşdə Azərbaycan–Ermənistan sülh
gündəliyinin xüsusi yer tutması diqqətəlayiqdir. Prezident İlham
Əliyevin əldə olunmuş razılaşmaları “tarixi əhəmiyyətli”
adlandırması və bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu
vurğulaması Vaşinqtonun regional sülh prosesində aktiv vasitəçi
kimi çıxış etdiyini göstərir. Eyni zamanda, artıq ticarət
əlaqələrinin qurulması və tranzit imkanlarının açılması sülh
gündəliyinin praktiki nəticələr verdiyini nümayiş etdirir”.
A.Qarayev qeyd edib ki, TRIPP marşrutu ilə bağlı səsləndirilən
fikirlər Azərbaycanın regionda nəqliyyat-logistika mərkəzinə
çevrilmək strategiyasının davamı kimi dəyərləndirilə bilər.
Bu dəhliz həm regional inteqrasiyanı gücləndirir, həm də ABŞ və
Qərb üçün alternativ nəqliyyat marşrutları baxımından əhəmiyyət
daşıyır.Prezident İlham Əliyevin 907-ci düzəliş məsələsini
qaldırması isə görüşün siyasi məzmununu daha da gücləndirir. Bu
məsələ Azərbaycan tərəfinin ABŞ-la münasibətlərin tam
normallaşdırılmasında maraqlı olduğunu və mövcud məhdudiyyətlərin
artıq reallığa uyğun gəlmədiyini açıq şəkildə ifadə etdiyini
göstərir. Düzəlişin fəaliyyətinin dayandırılmasının müsbət
qiymətləndirilməsi Konqres üzvlərinə ünvanlanmış siyasi mesaj kimi
də dəyərləndirilə bilər. Ümumilikdə, görüş Azərbaycan ABŞ
münasibətlərinin yalnız regional təhlükəsizliklə məhdudlaşmadığını,
enerji, müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları və
süni intellekt kimi gələcəyə yönəlik sahələri də əhatə etdiyini
göstərir. Bu isə tərəflər arasında daha dərin və institusional
əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır”.

