
Bakı. Trend:
2025-ci il Azərbaycan idmanı üçün mühüm nailiyyətlərlə yadda
qaldı. İdmançılarımızın beynəlxalq arenalarda göstərdiyi nəticələr
bir daha sübut etdi ki, ölkəmizdə idman sahəsi təsadüfi deyil,
ardıcıl və sistemli dövlət siyasətinin nəticəsi olaraq inkişaf
edir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputat bildirib ki, qazanılan minlərlə medal, yüzlərlə qızıl
mükafat Azərbaycanın artıq idman ölkəsi kimi mövqeyini
möhkəmləndirdiyini açıq şəkildə nümayiş etdirir:
“Bu uğurların arxasında güclü siyasi iradə və uzunmüddətli
strategiya dayanır. Azərbaycanda idmanın inkişafı dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər ərzində
ölkə üzrə idman infrastrukturu faktiki olaraq yenidən qurulub.
Paytaxtla yanaşı, regionlarda müasir idman obyektlərinin
yaradılması gənclərin idmana cəlb olunmasını xeyli asanlaşdırıb.
Gəncə və Yevlaxda Olimpiya İdman komplekslərinin istifadəyə
verilməsi ilə bölgələrdə bu tip obyektlərin sayı onlarla ölçülür
ki, bu da regionların sosial inkişafına da ciddi töhfə verir”.
Deputat qeyd edib ki, idman yalnız fiziki fəaliyyət deyil,
sağlam cəmiyyətin təməlidir. Sağlam və güclü gənclik isə ölkənin
sabahı deməkdir:
“Uşaqlıqdan idmana marağın formalaşdırılması, gənclərin sağlam
həyat tərzinə təşviqi gələcək uğurların əsasını qoyur. Bu gün əldə
edilən idman nailiyyətləri məhz vaxtında atılmış düzgün addımların
nəticəsidir.
Eyni zamanda, idman gənclərin vətənpərvərlik ruhunda
yetişdirilməsində mühüm vasitədir. Güclü fiziki hazırlıqla yanaşı,
mənəvi dəyərlərə bağlılıq, milli kimlik və Vətən sevgisi bir-birini
tamamlamalıdır. Azərbaycan gəncliyi bu gün beynəlxalq arenalarda
artıq qalib xalqın nümayəndəsi kimi çıxış edir. Dövlət Bayrağımızın
idman meydanlarında yüksəldilməsi hər bir vətəndaş üçün qürur
mənbəyidir və bu məsuliyyət idmançıların üzərinə əlavə mənəvi yük
qoyur.
2025-ci ildə ölkəmizin ev sahibliyi etdiyi iri beynəlxalq
yarışlar Azərbaycanın artan imkanlarını dünyaya nümayiş etdirdi.
Xüsusilə MDB ölkələrinin üçüncü Oyunlarının bir neçə şəhərdə
keçirilməsi ölkəmizin təşkilati və infrastruktur potensialını açıq
şəkildə ortaya qoydu. Bu yarışlar təkcə idman hadisəsi deyil, eyni
zamanda regionlarımızın tanıdılması baxımından da əhəmiyyətli
oldu.
Bakıda ilk dəfə keçirilən UFC turniri isə Azərbaycanın artıq
qlobal idman xəritəsində yeni mərhələyə keçdiyini göstərdi.
Dünyanın ən populyar idman brendlərindən birinin ölkəmizi seçməsi
təsadüfi deyil. Bu cür yarışlar həm beynəlxalq medianın diqqətini
Azərbaycana yönəldir, həm də ölkəmizin müasir, təhlükəsiz və
inkişaf etmiş məkan olduğunu təsdiqləyir.
Formula 1 yarışları artıq Azərbaycan üçün təkcə idman tədbiri
deyil, həm də uğurlu turizm və təqdimat layihəsidir. Yarışların
ölkəyə gətirdiyi turist axını, dünya auditoriyasına göstərilən Bakı
mənzərəsi ölkə imicinin formalaşmasında mühüm rol oynayır. Tam
satılan biletlər və yüz milyonlarla izləyici Azərbaycanın bu sahədə
doğru seçim etdiyini göstərir”.
Deputat əlavə edib ki, qış idman növləri üzrə də Azərbaycan yeni
mərhələyə qədəm qoyur:
“Qusarda, Şahdağda keçiriləcək Dünya Kuboku ölkəmizin artıq bu
sahədə də iddialı olduğunu sübut edir. Yaradılan infrastruktur
yalnız idmana deyil, bütövlükdə regionun iqtisadi canlanmasına,
minlərlə yeni iş yerinin açılmasına xidmət edir.
Bütün bu uğurların məntiqi nəticəsi olaraq Bakı şəhərinin
“Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın idman sahəsində
gördüyü işlərə beynəlxalq qiymətin göstəricisidir. Bu status həm
böyük şərəf, həm də böyük məsuliyyətdir.
Əlbəttə, bu uğurların mərkəzində idmançılarımız dayanır. Onların
əməyi, zəhməti və əzmkarlığı dövlət tərəfindən daim yüksək
qiymətləndirilməlidir. Bu sahədə formalaşmış mükafatlandırma
ənənəsi Azərbaycan idmanının davamlı inkişafına stimul verir.
Bu gün əminliklə demək olar ki, Azərbaycan idmanı yalnız
nəticələrlə deyil, dəyərlərlə, strategiya ilə və gələcəyə
hesablanmış baxışla inkişaf edir. Bu yol isə ölkəmizin beynəlxalq
nüfuzunu daha da gücləndirəcək”.

