
Bakı. Trend:
Azərbaycanlıların SVO-da iştirakı məsələsi hüquqi, siyasi,
mənəvi və humanitar baxımdan ciddi suallar doğurur. Burada vahid
yanaşmadan deyil, fərqli kateqoriyalar üzrə fərqli məsuliyyət və
risklərdən danışmaq lazımdır.
Azərbaycanlıların SVO-da iştirakı ilə bağlı müşahidə olunan
mənzərə üç əsas kateqoriyanı üzə çıxarır və hər birinin mahiyyəti
fərqlidir.
Birinci kateqoriyaya Rusiya vətəndaşı olan azərbaycanlılar
daxildir. Hüquqi baxımdan bu şəxslər Rusiya Federasiyasının
qanunvericiliyinə tabedir və səfərbərlik və ya müqaviləli xidmət
mexanizmləri çərçivəsində SVO-da iştirak edə bilərlər. Lakin burada
mühüm məqam ondan ibarətdir ki, vətəndaşlıq faktı məsələni
avtomatik olaraq siyasi və mənəvi mübahisədən kənarlaşdırmır. Çünki
bu şəxslərin bir qismi Rusiya vətəndaşlığını real inteqrasiya
nəticəsində deyil, sosial-iqtisadi məcburiyyətlər fonunda əldə edib
və onların seçim azadlığı çox zaman formal xarakter daşıyır.
İkinci və daha problemli kateqoriya miqrant statusunda olan
azərbaycanlılardır. Bu şəxslər hüquqi baxımdan ən həssas qrup
sayılır. Onların bir qismi yaşayış icazəsi, iş icazəsi, deportasiya
təhlükəsi və ya cinayət təqibi kimi risklərlə üz-üzə qalır. Belə
şəraitdə müharibəyə “könüllü” cəlbetmə anlayışı ciddi sual altına
düşür. Praktikada bu, çox zaman açıq və ya gizli məcburetmə
formasını alır: ya döyüşə gedirsən, ya da ölkəni tərk edirsən. Bu
isə beynəlxalq humanitar hüququn və elementar insan haqlarının
ruhuna ziddir və miqrantların faktiki olaraq istismar obyektinə
çevrildiyini göstərir.
Üçüncü kateqoriya isə cəmiyyət üçün ən həssas və ağrılı məqamdır
– 44 günlük Vətən müharibəsində iştirak etmiş Azərbaycan
veteranlarının SVO-da yer alması. Bu şəxslər artıq öz dövlətləri və
xalqı qarşısında tarixi borcunu yerinə yetirmiş, bəziləri fiziki və
psixoloji travmalarla üzləşmiş insanlardır. Onların başqa bir
dövlətin müharibəsində iştirak etməsi bir neçə baxımdan ciddi
suallar doğurur. Birincisi, bu hal qazilik və veteranlıq
anlayışının mənəvi mahiyyətinə zərbə vurur. İkincisi, bu,
postmüharibə dövründə veteranların sosial adaptasiyası, psixoloji
dəstəyi və məşğulluğu ilə bağlı problemlərin hələ də tam həll
olunmadığını göstərir. Üçüncüsü isə, belə hallar xarici tərəflər
tərəfindən Azərbaycan cəmiyyətinin həssas qruplarından instrumental
şəkildə istifadə edilməsi riskini artırır.
Bu üç kateqoriyanın mövcudluğu onu göstərir ki, SVO-da
azərbaycanlıların iştirakı vahid səbəbdən qaynaqlanmır. Burada
hüquqi boşluqlar, sosial çətinliklər, miqrantların müdafiəsizliyi
kimi amillər bir-biri ilə kəsişir. Xüsusilə veteranların bu prosesə
cəlb olunması dövlət və cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalı
olmalıdır.
Dördüncü qeyd etdiyimiz hadisə isə problemin humanitar tərəfini
kəskin şəkildə üzə çıxarır. SVO-da ağır xəsarətlər almış bir
azərbaycanlının uzun müddət Rusiya vətəndaşlığını ala bilməməsi,
hətta ilkin mərhələdə formal bəhanələrlə prosesdən kənarda
saxlanılması bu cür müharibələrdə iştirak edən miqrantların necə
asanlıqla istifadə edilə və sonra unudula bildiyini göstərir. Onun
yalnız uzun ictimai müzakirələrdən və təzyiqlərdən sonra
vətəndaşlıq ala bilməsi, verilən vədlərlə real münasibət arasındakı
uçurumu açıq şəkildə nümayiş etdirir.
Bu hadisə bir daha sübut edir ki, xarici münaqişələrdə iştirak
edən azərbaycanlılar çox zaman nə hüquqi təminata, nə sosial
müdafiəyə, nə də real dövlət himayəsinə malik olurlar. Risk isə
bütün hallarda həmin şəxsin və ailəsinin üzərinə düşür.
Ümumilikdə, bu məsələyə yanaşma aydın olmalıdır: Azərbaycan
vətəndaşlarının və xüsusilə qazilərin xarici silahlı münaqişələrdə
iştirakı nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbul edilə
bilər.
Nəticə etibarilə, məsələ təkcə xarici münaqişədə iştirak faktı
deyil, kimlərin, hansı şəraitdə və hansı məcburiyyət altında bu
münaqişəyə cəlb olunmasıdır. Bu reallıq həm hüquqi qiymətləndirmə,
həm də ictimai mövqe baxımından aydın və prinsipial yanaşma tələb
edir. Dövlət strukturları, cəmiyyət və media bu mövzuda emosional
deyil, lakin qəti və məsuliyyətli mövqe ortaya qoymalıdır ki, oxşar
hallar gələcəkdə sistemli problemə çevrilməsin.
Azərbaycanlıların SVO-da iştirakı məsələsi hüquqi, siyasi,
mənəvi və humanitar baxımdan ciddi suallar doğurur. Burada vahid
yanaşmadan deyil, fərqli kateqoriyalar üzrə fərqli məsuliyyət və
risklərdən danışmaq lazımdır.
Azərbaycan qanunvericiliyində muzdluluq cinayət məsuliyyəti
yaradan əməllər sırasındadır. Mövcud reallıqlar göstərir ki,
hüquq-mühafizə orqanları bu sahədə həm profilaktik, həm də
cəzalandırıcı mexanizmləri daha da sərtləşdirməli, xarici silahlı
münaqişələrdə iştirakın qarşısının alınması istiqamətində ardıcıl
siyasət yürütməlidir. Burada məqsəd cəza verməkdən daha çox,
qarşısını almaq və qoruyucu mexanizmlər yaratmaq olmalıdır.
Azərbaycan hüquq-mühafizə orqanlarının muzdluluq sahəsində
sanksiyaları və siyasəti sərtləşdirməsi artıq sadəcə hüquqi seçim
deyil, strateji zərurət kimi çıxış edir. Mövcud regional və qlobal
reallıqlar göstərir ki, xarici silahlı münaqişələrdə iştirak
halları tək-tək epizodlar olmaqdan çıxaraq daha sistemli riskə
çevrilmək potensialına malikdir. Xarici münaqişələrdə iştirak edən
şəxslərin geri qayıtdıqdan sonra yaratdığı təhlükəsizlik riski
nəzərə alınmalıdır. Belə şəxslər travmatik təcrübə, radikallaşma və
ya silahlı davranış vərdişləri ilə cəmiyyətə qayıda bilərlər. Bu
isə təkcə fərdi deyil, ictimai təhlükəsizlik problemi yaradır. Məhz
buna görə də muzdluluqla mübarizə yalnız cəza mexanizmi deyil,
milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi
qurulmalıdır.
Sanksiyaların sərtləşdirilməsi təkcə cəzanın ağırlaşdırılması
demək olmamalıdır. Burada profilaktika, erkən xəbərdarlıq və
nəzarət mexanizmləri əsas rol oynamalıdır. Risk qrupları ilə iş,
maarifləndirmə, hüquqi nəticələrin açıq izahı və sosial
alternativlərin yaradılması hüquq-mühafizə siyasətinin ayrılmaz
hissəsinə çevrilməlidir. Dövlət açıq şəkildə göstərməlidir ki,
xarici silahlı münaqişələrdə iştirak nə qəhrəmanlıqdır, nə də qəbul
edilən davranış formasıdır.

