Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK)
keçirilən gənclər arasında taekvondo üzrə ölkə birinciliyində
oğlanlar arasında 48 kq, 59 kq, 63 kq, qızlar arasında isə 44 kq və
49 kq çəki dərəcələrində qaliblərin mükafatlandırma mərasimi baş
tutub.
Trend xəbər verir
ki, qalib idmançılara mükafatları Azərbaycan Taekvondo
Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman
naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və ATF-in
vitse-prezidenti Hikmət Səmədov təqdim ediblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
çıxışında Azərbaycanda taekvondo idman növünün sürətlə inkişaf
etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti, Milli Olimpiya
Komitəsinin Prezidenti İlham Əliyevin bu gün bir sıra idmançılarla
görüşərək onları mükafatlandırdığını da diqqətə çatdırıb.
Gənclər və idman naziri Fərid Qayıbov ölkə çempionatının yüksək
səviyyədə təşkil olunduğunu bildirib. Nazir qeyd edib ki, cari il
Azərbaycan idmanı üçün uğurlu olub və Prezident İlham Əliyev
tərəfindən idmana göstərilən dəstək bu nailiyyətlərin əsasını
təşkil edir.
Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman
cəmiyyətindən ümumilikdə 436 taekvondoçu mübarizə aparır.
Qeyd edək ki, gənclər arasında taekvondo üzrə ölkə birinciliyinə
dekabrın 27-də yekun vurulacaq.

