
Bakı. Trend:
Amerika Birləşmiş Ştatları hökuməti Tayvana ümumilikdə 11,1
milyard dollar dəyərində hərbi texnika satışını təsdiqləyib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat
yayıb.
Məlumata görə, paketə 82 ədəd HIMARS sistemi və 420 ədəd ATACMS
raketi üzrə ümumi dəyəri 4 milyard ABŞ dollarından artıq olan
səkkiz müqavilə, həmçinin əlavə 4 milyard ABŞ dolları məbləğində 60
özüyeriyən haubitsa və müvafiq avadanlıqlar daxil edilib.
Tayvan 1 milyard ABŞ dolları dəyərində pilotsuz uçuş aparatları,
1 milyard ABŞ dolları məbləğində proqram təminatı, 700 milyon ABŞ
dolları dəyərində “Javelin” və TOW tankəleyhinə raketləri,
helikopterlər üçün 96 milyon ABŞ dolları məbləğində ehtiyat
hissələri və “Harpoon” raketlərinin modernləşdirilməsi üçün 91
milyon ABŞ dolları dəyərində dəstlər əldə edəcək.
ABŞ Dövlət Departamenti bildirib ki, bu tədarüklər “ABŞ-ın
milli, iqtisadi və təhlükəsizlik maraqlarına” xidmət edir, Tayvanın
təhlükəsizliyinin artırılmasına kömək edəcək və regionda “siyasi
sabitliyin, hərbi balansın və iqtisadi tərəqqinin qorunub
saxlanmasına” töhfə verəcək

