
Bakı. Trend:
Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə Tovuz döyüşləri
qızıl hərflərlə yazılıb. Silahlı Qüvvələrimizin şanlı Zəfər
qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan
2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin başlamasından
altı il ötür. Ümumiyyətlə Ordumuzun Böyük Qələbəyə doğru
irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu
Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçib.
Ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan
ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan
beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı
zərbə vuraraq onun mənfur niyyətinin qarşısını alıb.
Trend Tovuz
döyüşlərinin xronologiyasını təqdim edir.
Döyüşlərin birinci günündə – 2020-ci il iyulun 12-də Ermənistan
silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət
sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq
artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə
tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat
tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki
verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı
birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi
cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə
yol verilməyib. Döyüşdə düşmənin hücumunun qarşısını alarkən
Ordumuzun üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb.
Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylı
itki verib.
İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz
istiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplı
pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən,
minaatanlardan və digər artilleriya qurğularından da istifadə
etməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam
kəndinə minaatanlardan yenidən atəş açıb. Düşmənin bu
təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab
tədbirləri görülüb. Artilleriya, minaatan və tankların tətbiqi ilə
gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin
bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi,
artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv
edilib. Bölmələrimizin endirdiyi sarsıdıcı zərbələr nəticəsində
düşmən xeyli itki verib.
İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik
Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin fəaliyyətinin
qarşısının alınması məqsədilə cəza tədbirləri görüblər. Təxribatı
davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərən
qarşı tərəfin bu niyyətinin də qarşısı alınıb. Düşmən itkiləri
barədə məlumatları gizlədib. Azərbaycan tərəfi heç bir ərazi itkisi
verməyib. Döyüşlər zamanı dörd hərbi qulluqçumuz şəhid olub.
Azərbaycan Ordusunun bölmələri şəhidlərimizin qanını yerdə
qoymayıblar.
Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz
rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və
toplardan atəşə tutublar. Düşmənin bütün təxribatlarına qarşı
qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata
keçirilib. Onun bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş
mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı
və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın
edilib.
Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər
saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu
sahəsində davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısının
alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus
müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda
məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi
məhv edilib. İki sutka ərzində qarşı tərəfə sarsıdıcı atəş
zərbələri endirilib. Tovuz rayonu istiqamətində gedən döyüşlər
zamanı böyük itki verən düşmən geri çəkilib.
İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun
Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və
artilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanı
müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad
Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun
qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid
olublar. Bu, Azərbaycan Ordusunun general və digər yüksək rütbəli
zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş
tapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib.
Həmin gün bu istiqamətdə ağır döyüşlər gedib. Qarşı tərəf mülki
əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Bu hadisələrdən
sonra Azərbaycan Prezidenti Ermənistana qarşı cəza əməliyyatının
başlanmasına dair göstəriş verib. Ali Baş Komandan İlham Əliyev
həmin günlər deyib: “Biz fəxr edirik ki, Azərbaycan xalqı,
Azərbaycan torpağı belə övladlar yetişdirib”. Ölkə rəhbəri Tovuzda
baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırıb və
Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə
edib.
Eyni gün düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam
edib. Azərbaycan Ordusu şəhidlərimizin qisasını tezliklə alıb.
Həmişə olduğu kimi, bu dəfə də vəziyyət gərginləşdikdə qarşı tərəf
dərhal yaşayış məntəqələrimizə atəş açmağa başlayıb. Ermənistan
silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində açdığı artilleriya
atəşi nəticəsində rayonun Ağdam kəndinin sakini həlak olub.
Ermənistan hərbi birləşmələrinə məxsus pilotsuz uçuş aparatı
vurulduqdan sonra düşmənin atəş mövqeyindəki artilleriya qurğusu
döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə
yerlə-yeksan edilib. Həmçinin düşmənin aktiv döyüş fəaliyyətinin
qarşısının alınması məqsədilə onun artilleriya divizionunun
idarəetmə məntəqəsi milli ordumuzun bölmələrinin dəqiq atəşi ilə
sıradan çıxarılıb.
Bir gün sonra görülən cəza tədbirləri nəticəsində Ermənistan
silahlı qüvvələrinə məxsus döyüş texnikası və daha bir bölüyün
dayaq məntəqəsi məhv edilib. Düşmən bölmələri cəbhənin müxtəlif
istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən,
minaatanlardan və digər artilleriya qurğularından da istifadə
edərək atəş açsa da, cavab atəşi ilə susdurulub. Tovuz rayonu
istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə məruz
qoyan qarşı tərəfin bölmələrinin uzunmüddətli atəş nöqtələri və
dayaq məntəqəsi yerlə-yeksan edilib.
Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali Baş
Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən
ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun
14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək
Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən
başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq
üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də
keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan
orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”
çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə,
şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək
barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata
alınıblar.
İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd
göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli
kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakin
qarşı tərəf yenə cavab atəşi ilə susdurulub.
İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da,
ümumilikdə gərginlik davam edib.
Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir
örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi
qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Bu
döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş
texnikası sıradan çıxarılıb. Xalq bu döyüşlər zamanı şəhidlik
zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son
mənzilə yola salıb.
Qeyd edək ki, ərazilərimizin işğaldan azad olunması uğrunda
aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət
göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş
tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi
qulluqçuları və şəhidlər, eləcə də Vətən müharibəsi zamanı şəhidlik
zirvəsinə yüksəlmiş qəhrəmanlarımız Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və
medallarla təltif olunublar.
2020-ci ilin iyulunda baş vermiş döyüşlər Azərbaycan tarixinin
şanlı səhifələrindən olan Vətən müharibəsinə aparan yolda ən mühüm
mərhələlərdəndir. Bu döyüşlərdən təxminən iki ay yarım sonra
düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı
əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44
günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib
gələrək torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə
vuran ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Qəhrəman əsgər
və zabitlərimiz onların qisasını döyüş meydanında alaraq qələbə
qazandı, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar. Odur ki,
biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimizin
xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Hazırda
şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Bu
Qələbəni bizə bəxş edən əsgər və zabitlərimiz bizim qürur
mənbəyimizdir. Onların şücaəti və fədakarlığı isə artıq dastana
çevrilib.
Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü və Azərbaycan
Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün
bunlar xalqımızın döyüş ruhunun yüksək olduğunu nümayiş etdirdi.
Beləliklə, bu döyüşlər Azərbaycanın Vətən müharibəsində mənfur
düşmən üzərində qazanmış olduğu Böyük Zəfərin ilk qığılcımlarından
idi.

