Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar (FOTO)

Baş səhifə

Bakı. Trend:

9–11 iyul tarixlərində Portuqaliyanın Santarem şəhərində batut
gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP beynəlxalq
turniri keçirilib. Yarışda müxtəlif ölkələrdən olan idmançılar
bacarıqlarını nümayiş etdiriblər.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat
verilib.

Turnirdə Azərbaycanı batut gimnastikası və tamblinq növləri üzrə
müxtəlif yaş kateqoriyalarında ümumilikdə 13 gimnast təmsil
edib.

Batut gimnastikası üzrə 13–14 yaş kateqoriyasında Muhamməd
Həsənli, 15–16 yaş kateqoriyasında Fərhad Mustafayev və Ammar
Baxşalıyev, böyüklər arasında isə Maqsud Mahsudov, Selcan Mahsudova
və Hüseyn Abbasov çıxış ediblər.

Tamblinq üzrə isə 13–14 yaş kateqoriyasında Sənan Rzazadə və
Xədicə Məmmədova, 15–16 yaş kateqoriyasında İlham Məsimov və Riad
Cavadov, böyüklər arasında isə Aleksey Karataşov, Bilal Qurbanov və
Hüseyn Əsədullayev mübarizə aparıblar.

Azərbaycan gimnastları yarışda uğurla çıxış edərək turniri
ümumilikdə 12 medalla başa vurublar.

Batut gimnastikası böyüklər arasında Maqsud Mahsudov 60.240
xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Selcan Mahsudova
57.190 xalla qızıl medalın sahibi olub. Hüseyn Abbasov isə 57.730
xalla bürünc medal əldə edib.




13–14 yaş kateqoriyasında Muhamməd Həsənli 49.350 xalla ikinci
yeri tutaraq gümüş medal qazanıb.

15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev 54.540 xal toplayaraq
qızıl medala layiq görülüb. Eyni yaş kateqoriyasında Fərhad
Mustafayev 51.470 xalla gümüş medal qazanıb.

İkili-mini batut yarışlarında isə Ammar Baxşalıyev 23.900 xalla
fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək növbəti qızıl
medalını qazanıb.

Tamblinq üzrə böyüklər arasında Bilal Qurbanov, Aleksey
Karataşov və Hüseyn Əsədullayevdən ibarət Azərbaycan komandası
148.100 xalla komanda hesabında birinci yeri tutaraq qızıl medala
layiq görülüb. Fərdi proqramda Bilal Qurbanov 46.200 xalla gümüş
medal əldə edib.

13–14 yaş kateqoriyasında Sənan Rzazadə 22.600 xalla qızıl medal
qazanıb.

15–16 yaş kateqoriyasında İlham Məsimov 84.400 xalla birinci,
Riad Cavadov isə 83.900 xalla ikinci yeri tutub.