Mənfi narrativlər Afrikaya hər il 4 milyard ABŞ dolları məbləğində zərər vurur

Baş səhifə

Bakı.Trend:

Beynəlxalq KİV-də Afrika ölkələrinin mənfi işıqlandırılması qitə
iqtisadiyyatlarına hər il təxminən 4 milyard ABŞ dolları məbləğində
zərər vurur, çünki bu, investorların qavrayışını pisləşdirir və
ölkə risklərinin qiymətləndirilməsini artırır.

Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu Seneqaldan olan jurnalist
Barka Ba Bakıda keçirilən “Media və dekolonizasiya: yüksələn
səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans
çərçivəsində KİV-ə müsahibəsində deyib.

“Uzun illər digər dövlətlərin əsarəti altında olmuş ölkələr öz
narrativlərini və ictimai rəyi müstəqil şəkildə formalaşdırmaq
hüququnu geri qaytarmalıdırlar. Bu günə qədər Afrika, ən azından
Afrika ölkələrinin əksəriyyəti, tez-tez stereotiplərin hədəfinə
çevrilir. Afrika haqqında danışarkən adətən münaqişələr, yoxsulluq
və korrupsiyadan bəhs edilir. Məsələn, Keniyada keçirilən seçkilər
zamanı bəzi KİV-lərdə dərc olunan materialların təxminən 88 faizi
ölkəni mənfi planda təqdim edir və stereotiplərə əsaslanır”, – deyə
o bildirib.

Onun sözlərinə görə, Afrika ölkələri barədə əlverişsiz
informasiya fonu onların maliyyə cəlb etmək, beynəlxalq kapital
bazarlarına çıxış əldə etmək və suverenliklərini möhkəmləndirmək
imkanlarına birbaşa təsir göstərir.

Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər”
mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə altında olmuş
və hazırda müstəmləkə statusunda olan ərazilərin media
nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir
platformadır.