İlin ən böyük elm hadisəsi: NASCO XXVIII ADNSU-da öz işinə başlayıb

Baş səhifə

Bakı. Trend:

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş
Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi
konfransının (NASCO XXVIII) açılış mərasimi baş tutub.

Trend xəbər
verir ki, konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə
Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə
keçirilir.

Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış
elm xadimləri, ali təhsil müəssisələrinin rektorları,
professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar
iştirak edirlər.

Konfransdan əvvəl Fəxri xiyaban ziyarət edilərək Ümummilli Lider
Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın
əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül
dəstələri qoyulub. Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi
və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
ilə başlayıb.

Salamlama nitqi ilə çıxış edən ADNSU-nun rektoru Rüfət Əzizov
konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma
rolunu oynadığını bildirib. NASCO XXVIII-də dayanıqlı inkişaf
məqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərə
əsaslanaraq qeyd edib ki, NASCO XXVIII 609 qəbul olunmuş iştirakçı
ilə ümumi göstəricilər üzrə liderdir. Eyni zamanda, qəbul edilmiş
məqalələrin sayı 600-ü ötüb.
Konfrans haqqında geniş təqdimatla çıxış edən rektor onu da diqqətə
çatdırıb ki, konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11
ali təhsil müəssisəsi və institutun doktorant və gənc
tədqiqatçılarının tezisləri qəbul olunub. Rektor ADNSU-da gənc
alimlər üçün yaradılmış müasir elmi mühitdən və gənc
tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışıb və
konfransın yaratdığı elmi imkanların bu istiqamətdə mühüm töhfə
olacağını deyib.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev ölkənin elm və
təhsil sahəsində əldə olunmuş nailiyyətlər və gələcək prioritetlər
barədə çıxış edib. Nazir çıxışında xüsusilə vurğulayıb ki, elm və
təhsil Azərbaycan üçün strateji prioritetdir və məqsəd yalnız
nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və
cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir.




Nazir çıxışında bildirib ki, sentyabrdan ölkədə tətbiq olunacaq
yeni nəsil doktorantura proqramları gənc alimlərin elmi
fəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkan
verəcək. Nazir vurğulayıb ki, ali təhsildə multidisiplinar
yanaşmanın genişləndirilməsi, AMEA-da aparılan struktur
islahatları, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi,
startap ekosistemi və texnoparkların inkişafı Azərbaycan elmi
potensialını gücləndirib. Nazir qeyd edib ki, bu islahatlar və
təşəbbüslər ölkəmizin elm və innovasiya sahəsində gələcək
inkişafına əsas yaradır.

Nazir çıxışının sonunda NASCO XXVIII-in gənc alimlər üçün elmi
nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib
platforma olduğunu qeyd edərək konfransın işinə uğurlar
arzulayıb.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə
davam etdirib.

Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində
“Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın
perspektivləri”, “Elm əsaslı innovasiya” mövzularında panel
müzakirələr və müxtəlif elmi istiqamətlərini əhatə edən elmi
məruzələr təşkil olunacaq.

Konfransın əsas məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətini
stimullaşdırmaq, elmi fikir mübadiləsini genişləndirmək və təcrübə
paylaşımı üçün platforma yaratmaqdır.