
Bakı.Trend:
“Toy karvanları”nda hərəkət edən bəzi sürücülər təkcə yollarda
süni sıxlıq yaratmırlar, onlar həm də qəzaların baş verməsinə səbəb
olurlar. Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu,
Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində
qeydə alınan bu qəza real mənzərəni əks etdirir.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin “toy karvanlar”ında hərəkət edən sürücülərə
müraciətində deyilir.
Bildirilir ki, “toy karvanları”nda olan bəzi sürücülər
nəqliyyatın hərəkəti zamanı qəza dayanma işıq siqnalını yandıraraq
bütün hərəkət zolağını tutur, manevr etmə qaydalarını pozur və
yollarda süni sıxlıq yaradırlar. Eyni zamanda, bəy-gəlin maşınını
müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan
yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə
hərəkətin ləngiməsinə səbəb olurlar.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy
karvanları”nda iştirak edən sürücülərin diqqətinə çatdırır ki,
onlar qaydalara məsuliyyətlə yanaşmalı və bir zolaq üzrə yolun sağ
tərəfində sıra ilə hərəkət etməlidirlər.


