Bakı. Trend:
Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər
yaradır.
Trend xəbər
verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini
müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev
bu gün Bakıda keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və
yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfrans
çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu hallar məktəblərdə aparılan müşahidələr
vasitəsilə müəyyən edilir: “Nəticələr dərslik müəllifi
komandalarına təqdim olunur və növbəti illərdə dərsliklərin
təkmilləşdirilməsi bu məlumatlara əsasən həyata keçirilir.
Təhsil İnstitutu dərsliklərin mütəmadi keyfiyyət ekspertizasını
həyata keçirir. Hər il yeni hazırlanmış dərsliklərlə bağlı
institutun mütəxəssisləri ders dinləmələri aparır və müəllimlərdən
dərsliklərin necə istifadə olunması barədə məlumat toplayır. Eyni
zamanda, şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də
qiymətləndirilir.
Toplanmış məlumatlar əsasında dərslik müəllifi komandalarına
təklif və tövsiyələr təqdim olunur. Dərsliklərin toplanılması və
qiymətləndirilməsi prosesi davamlı fəaliyyət olaraq həyata
keçirilir”.

