
Bakı. Trend:
Sahibkarlıq subyektlərinin bəyannamələrinə müəyyən limit
çərçivəsi qoyulmaqla avtoburaxılış sisteminə keçirmək nəzərdə
tutulur.
Trend xəbər
verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq
Şirinov bu gün Bakıda keçirilən”Gömrük-Biznes Forumu 2025: Dialoq
və Etimad” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, yeni rəqəmsal alətlər gələcəkdə artıq
etibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyannamələrini
müəyyən limit çərçivəsi qoymaqla avtoburaxılış sisteminə keçirməyə
imkan verəcək:
“Biz bunu hədəfləmişik. Bu, beynəlxalq praktikada da var. Yaxın
dövrlərdə bizim beynəlxalq səfərlərimiz də olmuşdu, digər ölkələrin
də təcrübəsinə baxmışıq. Şərti olaraq, əgər risk sistemi özü,
Rəqəmsal Gömrük Dəyəri sistemi özü hər şeyin yerli-yerində olduğunu
göstərirsə, şərti olaraq 30 dəqiqə ərzində limit qoyulur. Bəyannamə
əgər gömrük məmuru tərəfindən 30 dəqiqə ərzində təsdiqlənməsi
həyata keçirilmirsə, artıq sistem özü onu avtomatik təsdiqləyir və
malların buraxılışı həyata keçiriləcək. Bu təbii ki, növbəti
illərdə qarşımızda duran layihədir. Dövlət Gömrük Komitəsinin
qarşısında belə bir hədəf var”.
“Yəqin ki, növbəti ən yaxın illərdə, yəqin ki, növbəti ilin
sonuna qədər biz çalışacağıq ki, bu sistemin də istifadəsi ilə
bağlı IV Gömrük Biznes Forumunda təqdimatlar edə bilək. Bu, bizim
indi strateji hədəflərimizdən biridir və yəqin ki, biz ona nail
olacağıq”, – deyə sədr müavini əlavə edib.

