
Bakı. Trend:
İsrailin Baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin
yaradılmasına qarşı olduğunu bildirib.
Trend-in
məlumatına görə, bu barədə B.Netanyahu Almaniya kansleri Fridrix
Merts ilə birgə mətbuat konfransında deyib.
“İki dövlət məsələsinə gəldikdə isə, xeyr, bizim fərqli baxış
bucağımız var, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudi
dövlətini məhv etməkdir. Onların artıq Qəzzada bir dövləti var idi,
de-fakto dövlət olub və bu dövlətdən yeganə yəhudi dövlətini məhv
etməyə çalışmaq üçün istifadə olunurdu. Biz hesab edirik ki, ərəb
dövlətləri ilə daha geniş sülhə, eləcə də Fələstin qonşularımızla
əldə edilə bilən sülhə gedən yol var. Amma biz qapımızın ağzında
məhv olmağımızı istəyən bir [Fələstin] dövləti yaratmayacağıq”, –
deyə o bildirib.

