Bakı. Trend:
Qambiya bayrağı altında üzən “Kairos” tankeri Bolqarıstanın
cənubundakı Ahtopol şəhəri yaxınlığında Ukraynanın “Sea Baby”
pilotsuz dəniz gəmisinin ehtimal edilən hücumundan sonra batmaq
təhlükəsi ilə üzləşib.
Trend-in “maritime.bg”yə istinadən məlumatına görə, gəminin göyərtəsində 10
nəfər ekipaj üzvü var və onların həyatı üçün təhlükə yoxdur.
Hadisə Bolqarıstan Dəniz Administrasiyası, Hərbi Dəniz Qüvvələri
və sərhəd mühafizəsi tərəfindən nəzarətdə saxlanılır. Bildirilib
ki, noyabrın 28-də Türkiyə sularında pilotsuz aparatla baş verən
insidentdən sonra “Kairos” hərəkət qabiliyyətini itirib. Dekabrın
3-də Türkiyə gəmisi tankeri yedəkləməyə başlayıb, lakin dekabrın
5-də naməlum səbəblərdən yedəkləmə dayandırılıb və gəmi Bolqarıstan
ərazi sularında tərk edilib.
“Kairos” hazırda Bolqarıstan sahillərinə təxminən bir mil
məsafədə lövbər salıb. Ərazidə güclü küləklər müşahidə olunur.
Bolqarıstan Dəniz Administrasiyasının məlumatına görə, ekipaj
evakuasiya tələb edib. Bir sərhəd mühafizə qayığı və iki yedək
gəmisi yardım göstərməyə hazır olsa da, əlverişsiz hava şəraiti
səbəbindən xilasetmə əməliyyatı dekabrın 6-sı səhər saatlarınadək
təxirə salınıb. Gəminin gecə boyunca müşahidəsi davam edəcək.
Ekipaj üzvlərinin milliyyəti barədə məlumat hələlik
açıqlanmayıb.

