Bakı. Trend:
Müasir dövrdə onlayn oyunlar və sosial media uşaqların həyatının
ayrılmaz hissəsinə çevrilib. Texnologiya tərəqqi gətirdiyi kimi,
müəyyən riskləri də özü ilə birlikdə gətirir. Təəssüf ki, bəzi
uşaqlar bu risklərin fərqinə varmadan təhlükəli oyunların və
zərərli kontentin qurbanına çevrilir. Bu gün vacib bir sualla
qarşı-qarşıyayıq: Uşaqları onlayn təhlükələrdən necə qoruyaq?
Bu prosesdə rəsmi qurumların, valideynlərin və
məktəblərin üzərinə hansı məsuliyyətlər düşür?
Mövzu ilə bağlı Trend-ə Elm və Təhsil Nazirliyindən verilən açıqlamada
qeyd olunub ki, son illərdə yenilənən və ya təkmilləşdirilən ümumi
təhsil fənləri üzrə təhsil proqramlarında (kurikulumlarda)
informasiya təhlükəsizliyi, kiberqısnama və s. məsələlərə daha çox
yer ayrılır:
“Bu çərçivədə şagirdlərə, həmçinin media manipulyasiyası,
dezinformasiya, kiberqısnamanın mənfi tərəfləri ilə effektiv
mübarizə yolları öyrədilir. Xüsusilə yeni hazırlanmış həyat bilgisi
fənni üzrə təhsil proqramında (kurikulumda) “Sağlamlıq və
təhlükəsizlik” məzmun xətti üzrə altstandartlarda elektron
cihazların insan həyatında əhəmiyyəti və zərərləri izah olunur.
Həmçinin yeni təkmilləşdirilmiş informatika fənni üzrə təhsil
proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun xətləri
vasitəsilə təhsilalanlarda sosial şəbəkələrdə yerləşdirilən
informasiyanın pisniyyətli şəxslər tərəfindən tapılıb istifadə
olunmasının mümkünlüyü, ünsiyyət vasitələrindən istifadə edərkən
şəxsi və ya həssas məlumatların yersiz olaraq açıqlanmamasının
vacibliyi vurğulanır”.
Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər
bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, internet
resurslarında istənilən yalanın həqiqət formasında təbliğatının
azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına
çevirməsi ehtimalı var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu
İsrəfillinin sözlərinə görə, DİN tərəfindən respublikanın ali və
orta təhsil məktəblərində tələbələrin, şagirdlərin güclü iradəyə
sahib olub zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq
edilməsi istiqamətində mütəmadi olaraq kompleks işlər aparılır:
“Valideynlərə tövsiyə edirik ki, övladlarının internetdə
maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların
hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var. İnternet
təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk
və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet
resurslarında istənilən yalanın həqiqət formasında təbliğatının
azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına
çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim
övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox,
tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər
bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.
İKT mütəxəssisi Fərid Pərdəşünas mövzu ilə bağlı bildirib ki,
uşaqların internetdən istifadəsi qlobal miqyasda beynəlxalq
ictimaiyyəti ciddi narahat edən məsələlərdən biridir:
“İnternet bir tərəfdən rahat, əlçatan və çoxşaxəli imkanlar
yaratsa da, digər tərəfdən xüsusilə həssas qruplar, ilk növbədə
uşaqlar üçün real təhlükə mənbəyinə çevrilib.
Nümunə olaraq qeyd etmək olar ki, son dövrlərdə Avstraliya
hökuməti bu məsələyə xüsusi diqqət ayıraraq bütün sosial media
platformalarında yaş həddinin 16-ya qaldırılmasını tələb edib.
Tətbiq olunan bu qərara əsasən, artıq 16 yaşdan aşağı uşaqların
sosial şəbəkə hesablarının silinməsi və platformalara girişinin
məhdudlaşdırılması nəzərdə tutulur.

Valideynlərin çoxu platformlara nəzarət tətbiqlərinin
texniki imkanları barədə məlumatlı deyil
Çünki sosial platformalarda uşaqları çoxsaylı təhlükələr
gözləyir. İnternetin müsbət və mənfi tərəfləri ilə bağlı kifayət
qədər məlumatlı olmadıqları üçün onlar asanlıqla risklərlə
qarşılaşa bilərlər. Belə ki, uşaqlar narkotik vasitələrin
istifadəsinə və satışına cəlb oluna, müxtəlif manipulyativ
təsirlərin qurbanına çevrilə bilər, şəxsi məlumatları oğurlana
bilər. Eyni zamanda, kənar şəxslər onların sosial mühitinə daxil
olaraq aldadıcı və şirnikləndirici informasiyalarla onlardan
sui-istifadə edə bilərlər. Müxtəlif oyunlar vasitəsilə psixoloji
yönləndirmələr aparılması da mümkündür. Uşaqların saf və sadəlövh
psixologiyası təhlükəni vaxtında dərk etməyə imkan vermədiyindən,
onlar manipulyativ təsirlərə daha tez məruz qalırlar.
Beynəlxalq təcrübədə bu cür risklərin qarşısını almaq üçün bir
neçə əsas mexanizm mövcuddur. Bunlardan ən önəmlisi valideyn–uşaq
arasında psixoloji bağın möhkəm olmasıdır. Valideyn övladı ilə açıq
ünsiyyət qurmalı, internetdə rastlaşa biləcəyi təhlükələr barədə
məlumat verməli, onu maarifləndirməlidir. Təbii ki, hər yaş qrupuna
uyğun ünsiyyət forması, izah üsulu və pedaqoji yanaşma tətbiq
olunmalıdır.
İkinci vacib məqam isə platformalarda valideyn nəzarət
funksiyalarından istifadə edilməsidir. Təəssüf ki, ölkəmizdə bir
çox valideyn bu tətbiqlərin texniki imkanları barədə yetərli
məlumata sahib deyil. Bəzi valideynlər ümumiyyətlə belə nəzarət
mexanizmlərinin mövcudluğundan xəbərsizdirlər.
Nəticə etibarilə, bu problem artıq lokal deyil, beynəlxalq
təhlükə səviyyəsindədir. İnternet mühitində uşaqlara qarşı
kiberbullinq halları da geniş yayılıb. Bu baxımdan valideynlərin
diqqətli olması vacibdir. Müəyyən yaşa qədər uşaqlara sosial şəbəkə
hesablarının açılmasına və smartfonlardan aktiv istifadəyə icazə
verilməməli, internetdən əsasən təhsil məqsədilə istifadə təşviq
olunmalıdır. Platformalarda minimum yaş həddi 13 olaraq göstərilsə
də, bir sıra ölkələr bu yaş çərçivəsini artırmaq istiqamətində
qərarlar qəbul edirlər ki, uşaqlar manipulyativ təsirlərdən daha
yaxşı qorunsunlar”.
Qadağa yox, anlayış – valideynin rolu
Hansı uşaqlar risk altındadır sualını isə 308 nömrəli məktəbin
psixoloqu Rübabə Mərdanova cavablandırıb. Onun sözlərinə görə,
sosial izolyasiya yaşayan, özünəinamı zəif olan, ünsiyyət bacarığı
aşağı, daim diqqət axtaran və sosial mediada həddindən artıq aktiv
olan uşaqlar risk qrupundadır, valideyn nəzarətinin zəif olması isə
bu təhlükəni daha da artırır:
“Valideynlərin rolu qadağa yox, anlayış olmalıdır. Ən böyük
səhvlərdən biri uşağın telefonunu əlindən almaqla problemi həll
etdiyini düşünməkdir. Qadağalar uşağı qorumaq əvəzinə onu
valideyndən uzaqlaşdıra bilər. Bunun əvəzinə ailədə açıq ünsiyyət
mühiti yaradılmalıdır. Valideyn yalnız “neçə almısan?” deyə
soruşmaqla kifayətlənməməli, uşağın daxili dünyası ilə
maraqlanmalıdır:

Məktəbdə onu sevindirən və ya narahat edən nədir?
Hansı oyunları oynayır və niyə?
Sosial mediada kimləri izləyir?
Uşağın ekran fəaliyyəti nəzarətdə saxlanılmalı, lakin bu nəzarət
basqı xarakteri daşımamalıdır.
Uşağa öyrədilməlidir ki, şəxsi məlumatlarını paylaşmaq
təhlükəlidir, naməlum şəxslərlə yazışma risklidir və şübhəli hallar
baş verəndə bunu dərhal valideyninə bildirməlidir.
Ən önəmlisi isə, uşağa səhv etdiyi zaman cəzalandırılmayacağını,
əksinə, dəstək görəcəyini hiss etdirmək lazımdır”.
Psixoloq vurğulayıb ki, bu işdə məktəbin dəstəyi olmadan
olmaz:
“Məktəb və ailənin birlikdə işləməsi məsələnin açarıdır.
Məktəblərdə təhlükəsiz internet mövzusunda mütəmadi maarifləndirici
seminarlar, praktik təlimlər və rol-oyunlar keçirilməlidir. Eyni
zamanda, şagirdlər üçün anonim müraciət kanallarının yaradılması
çox vacibdir. Uşaq bilməlidir ki, problemini gizli və təhlükəsiz
şəkildə paylaşa biləcəyi ünvan var — istər məktəb psixoloqu, istər
müəllim, istərsə də xüsusi “gizli müraciət qutuları”
vasitəsilə.

Səbəb araşdırılmadan nəticə ilə mübarizə aparmaq kifayət
deyil
Uşaqlar təkcə maddi deyil, həm də emosional ehtiyaclarla
yaşayır. Diqqət və anlayış çatışmazlığı, özünü təsdiq etmə
ehtiyacı, sosial mediada “trenddə olmaq” arzusu onları riskli
davranışlara sövq edə bilər.
Yeniyetmələrin beyni təhlükənin nəticələrini böyüklər kimi
qiymətləndirə bilmir. Buna görə də “bunu yalnız cəsarətlilər edir”
kimi manipulyativ çağırışlar onları asanlıqla ələ ala bilir.
Məsələni cəza ilə yox, səbəblə həll etmək lazımdır. Əgər uşaq
təhlükəli oyuna meyl edirsə, ilk növbədə bunun arxasında duran
psixoloji səbəbi tapmaq əsasdır. Uşağın həyatında valideyn sevgisi,
vaxt ayırmaq, dinlənilmək hissi, təhlükəsiz mühit mövcuddursa,
onlayn təhlükələrin təsiri xeyli azalır. Əgər uşaq belə oyunlara
maraq göstərirsə, ilk növbədə səbəb araşdırılmalıdır, təkcə nəticə
ilə mübarizə aparmaq kifayət deyil”.

