
Bakı. Trend:
Özbəkistanlı müəllimlər üçün UNEC-də təşkil olunan intensiv
təlim proqramı uğurla başa çatıb.
UNEC beynəlxalq əməkdaşlıq
çərçivəsində daha bir yeniliyə imza atıb.
Belə ki, UNEC-də Özbəkistan Respublikasının orta məktəb
müəllimləri üçün xüsusi hazırlanmış intensiv təlim proqramı təşkil
edilib. Proqramın əsas məqsədi Rəqəmsal UNEC təcrübəsini, müasir
tədris modellərini və innovativ pedaqoji yanaşmaları özbəkistanlı
müəllimlərə təqdim etmək olub.
Proqramın ilk günündə UNEC-ə səfər edən 26 nəfərlik nümayəndə
heyəti universitetin infrastrukturu, rəqəmsal ekosistemi və təhsil
mühiti ilə yaxından tanış olub. Sonra məlumatlandırma və
şəbəkələşmə sessiyasında qonaqlara Rəqəmsal UNEC-in beynəlxalq
nailiyyətləri, təhsil üstünlükləri, bilik və bacarıq əsaslı
yanaşmaları, həmçinin xarici tələbələr üçün yaradılan imkanlar
barədə geniş təqdimat edilib.
Beş gün davam edən intensiv proqram şərçivəsində UNEC-in Təhsil
və Təlimin Mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva və
şöbənin əməkdaşları tərəfindən təlimlər təşkil olunub. Təlimlər
müasir tədris metodları, beynəlxalq təhsil təcrübələri, rəqəmsal
alətlərdən istifadə, süni intellektin dərs prosesinə inteqrasiyası,
aktiv öyrənmə modelləri, müəllim liderliyi və sinif idarəetməsi
kimi mövzular əhatə edib. Eyni zamanda interaktiv müzakirələr, real
situasiyaların təhlili, praktiki tapşırıqlar və qrup işləri ilə
zənginləşdirilib. Qonaqlar həmçinin geniş şəbəkələşmə imkanlarından
yararlanıblar.
Proqramın son günündə UNEC-in rektoru, professor Ədalət Muradov
özbəkistanlı müəllimlərlə görüşərək universitetin beynəlxalq
əməkdaşlıq siyasəti barədə məlumat verib. Rektor UNEC-in qabaqcıl
pedaqoji yanaşmalarının paylaşılmasının regional müəllimlərin
inkişafına mühüm dəstək olduğunu vurğulayıb, bu kimi təşəbbüslərin
təhsil sahəsində tərəfdaşlığı daha da gücləndirdiyini qeyd
edib.
Özbəkistanlı müəllimlər UNEC-də təşkil olunan təlim proqramını
yüksək qiymətləndirərək göstərilən diqqət və peşəkar dəstəyə görə
universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda iştirakçı müəllimlərə UNEC tərəfindən sertifikatlar təqdim
olunub.

