
Bakı. Trend:
Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması
qaydalarında dəyişiklik edilir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Mövcud qanunvericiliyə əsasən, hər dəfə əmək haqqı verilərkən
tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək
haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə
tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər
tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi
saxlanmalıdır.
Bu məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin
tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni
dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş
ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın
ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin
tutulmasına şamil edilmir.
Layihəyə əsasən, belə hallarda tutulmaların məbləği işçiyə
verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.

