Bakı. Trend:
Son 50 ildə Ebola virusu Afrikada 15 min nəfərin həyatına son
qoyub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, avqustun sonlarından bəri Konqo
Demokratik Respublikasının mərkəzi hissəsində azı 34 nəfərin
həyatına son qoymuş Ebola epidemiyasının qarşısı alınıb. Bu barədə
100 milyondan çox əhalisi olan ölkənin hakimiyyəti bazar ertəsi
rəsmi bəyanat verib.
“Konqo Demokratik Respublikasında Ebola epidemiyası faktiki
olaraq başa çatıb”, – deyə Milli İctimai Səhiyyə İnstitutunun
direktoru doktor Dyedonne Mvamba Kazadi “AFP” agentliyinə,
Ümumdünya Səhiyyə Təşkilatının və Afrika Xəstəliklərə Nəzarət və
Profilaktika Mərkəzinin nümayəndələrinin də iştirak etdiyi
Kinşasadakı rəsmi mərasimdən əvvəl bildirib. Kazadi əlavə edib ki,
“53 təsdiqlənmiş yoluxma halı arasında azı 34 ölüm” qeydə alınıb.
Daha on bir ölüm halının isə ehtimal ki, virusdan qaynaqlandığı
bildirilir. Beləliklə, Ebola nəticəsində ölənlərin ümumi sayı 45-ə
çatıb.
Nəqliyyat infrastrukturu məhdud və çox vaxt pis vəziyyətdə olan
ölkədə peyvənd kampaniyaları çətinliklə həyata keçirilir. Vaksinlər
üzrə Beynəlxalq Koordinasiya Qrupu dünyanın ən kasıb ölkələrindən
biri olan Konqo Demokratik Respublikasına əlavə 45 min doza peyvənd
göndərilməsini təsdiqləyib.

