Laçının işğaldan azad edilməsindən beş il ötür

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycanın Laçın rayonunun erməni işğalından azad
edilməsindən beş il ötür.

Trend xəbər
verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri
Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın
imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın
rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək
Azərbaycana qaytarılıb.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı
sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis
edilib.

Qeyd edək ki, Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı
birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun
yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi
abidələrini dağıdaraq talan ediblər.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan
didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak
olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və
tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə
tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı
Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə
zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar,
Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi
əhəmiyyətli bulaqlar mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın
rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə
(Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və
əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min
kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına
yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına
yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü
və digər təbii sərvətləri var.

Bundan əlavə, Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu və
Dövlət Təbiət Yasaqlığı, ümumi sahəsi 240 hektar olan qoruqda 68
növdən və 27 ailədən ibarət bitki örtüyü mövcuddur. 1961-ci ilin
noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq
məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür,
qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir
fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama
zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110
baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik
qeydə alınıb.

28 il ərzində işğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt
olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının
qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl
qoymayıb.

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum
əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan
torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə
yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa
edib.

Xatırladaq ki, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd
işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli
şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan,
Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut
qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və
rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın
rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir
neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt,
Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan
üçtərəfli bəyanata müvafiq olaraq noyabrın 20-də Ağdam, ayın 25-də
Kəlbəcər və dekabrın 1-də Laçın rayonları boşaldılaraq Azərbaycana
təhvil verilib.